Ağcabədi sakinlərinin televizoru və 16 min manat dəyərində taxılı oğurlandı
Ağcabədidə oğurluq əməlləri törətməkdə şübhəli bilinən şəxslər saxlanılıb.
APA TV-nin yerli bürosunun verdiyi məlumata görə, polis şöbəsinə müraciət edən rayon sakini ona məxsus evdən televizorun oğurlanması barədə məlumat verib. Keçirilən əməliyyat nəticəsində qeyd edilən əməli törətməkdə şübhəli bilinən rayon sakini, əvvəllər də oğurluq etdiyinə görə elektron qolbaqla təchiz olunmuş Bəhram Yolçuyev saxlanılıb.
Bundan başqa digər bir rayon sakini Rayon Polis Şöbəsinə müraciət edərək ona məxsus anbardan 20 ton taxılının oğurlanması barədə məlumat verib. Keçirilən tədbirlərlə həmin oğurluq əməlini törətməkdə şübhəli bilinən rayon sakini Şamil Məmmədov da saxlanılıb. İlkin araşdırmalarla onun cari ilin iyul-avqust aylarında anbardan 16 min manat dəyərində taxıl oğurladığı məlum olub.
Hər iki faktla bağlı cinayət işi başlanılıb, araşdırmalar davam etdirilir.
Habil Aslanoğlu, Ziya İsmayılov, APA TV