Ağcabədidə 22 baş iribuynuzlu heyvan və 2 baş at yanıb
Ağcabədidə məskunlaşan laçınlı ailənin fermer təsərrüfatında yanğın olub.
APA TV-nin Qarabağ bürosunun xəbərinə görə, Ağcabədi rayonunun Şənlik kəndi ərazisində məskunlaşan Sadıqovlar ailəsinin təsərrüfatında çıxan yanğın nəticəsində 22 baş iribuynuzlu heyvan və 2 baş at yanaraq tələf olub. “Gecə saat 1 radələrində qardaşım yuxudan oyanıb, görüb pəncərəyə işıq düşür. Çıxdıq, gördük yanır. Alov o qədər güclü idi ki, qarşısını ala bilmədik. Qonşular sağ olsun, FHN-in əməkdaşları sağ olsun, qoymadılar alov digər tikililərə keçsin”.
Hadisə yerinə FHN-nin Ağcabədi və Laçın rayon Dövlət Yanğından Mühafizə hissələrinin bölmələri cəlb olunub. Yanğın yanğınsöndürənlər tərəfindən söndürülüb. “1993-cü ildən burada gəlib məskunlaşmışıq. Bax, bu primitiv tikililəri tikib yaşamışıq. Çox çətinliklə bu mərtəbəyə gətirib çıxarmışdıq. Dolanışığımız üçün heyvan damazlığı artırmışdıq, o da bir gecənin içində yanıb kül oldu”.
Faktla bağlı araşdırma aparılır.