Ağcabədidə “ASAN Həyat” kompleksinə media-tur təşkil olunub
Ağcabədidə “ASAN Həyat” kompleksinə media-tur təşkil olunub.
APA TV-nin yerli bürosunun məlumatına görə, “ASAN Həyat” kompleksində Ağcabədi “ASAN xidmət” mərkəzi ilə yanaşı ictimai iaşə obyektlərinin istifadəyə verilməsi də nəzərdə tutulub.
Mərkəzdə Ağcabədi ilə yanaşı, Beyləqan, Zərdab, Ağdam, Şuşa, Füzuli, Cəbrayıl, Xocalı və Xocavənd rayonlarda qeydiyyatda olan 814 900-dən çox vətəndaşa, eləcə də ölkə üzrə ərazi məhdudiyyəti olmadan bütün vətəndaşlara xidmət göstəriləcək.
Ağcabədi “ASAN Həyat” kompleksində videomüşahidə, elektron növbə sistemləri, 4 eskalator, inzibati binada 2 lift, yanğın söndürmə sistemi, mərkəzləşdirilmiş havalandırma və istilik sistemi, çiller, generator və UPS quraşdırılıb.
Prezident yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyinin İctimaiyyətlə əlaqələr şöbəsinin müdiri Elnur Niftəliyevin sözlərinə görə, Ağcabədi “ASAN Xidmət” mərkəzində xeyli yeniliklər nəzərdə tutulub: “Vətəndaşların istirahəti üçün açıq zona hesab olunan geniş park, uşaq əyləncə meydançası, həmçinin qapalı istirahət zonaları (kinoteatr, kafe), pointboll sahəsi nəzərdə tutulub. Yeni yaradılan Mərkəzdə 207 nəfər daimi iş yeri ilə təmin olunub. Könüllülərin sayı isə 45 nəfər nəzərdə tutulur. Ağcabədi regional “ASAN xidmət” mərkəzində müxtəlif dövlət orqanları, həmçinin özəl şirkət və müəssisələr tərəfindən ümumilikdə 320 xidmət həyata keçiriləcək“.
Elnur Niftəliyev onu da bildirib ki, Ağcabədi “ASAN Həyat” kompleksinin tərkibində sayca 5-ci “ABAD Food Hall”ın fəaliyyətə başlaması nəzərdə tutulur.
Digər “ABAD Food Hall”arda olduğu kimi burada da ABAD-çılar tərəfindən qeyri-sənaye üsulu ilə hazırlanmış məhsullarının sərgi-satışı təşkil ediləcək.
Ərazidə həmçinin yerli sakinlərin asudə vaxtlarının daha səmərəli və əyləncəli keçirmələri məqsədilə xüsusi “ABAD BoksPark”ı da istifadəyə veriləcək. Burada vətəndaşlar ABAD məhsullarının yerləşdirildiyi xüsusi konteynerlərdə müasir küçə yeməklərini dadacaq, həmçinin alış-verişdən yararlana biləcəklər.