Ağcabədinin bu kəndində heç bir məişət cihazı işləmir
Ağcabədinin Cəfərbəyli kəndində məskunlaşan Laçın sakinləri onlara verilən elektrik enerjisinin zəif olmasından şikayətçidir. Sakinlər bildirir ki, evlərə verilən elektrik enerjisinin sabit olmaması məişət cihazlarını sıradan çıxır. Problem altı ildir ki, həllini tapmayıb. Sakinlərin sözlərinə görə, hazırda yaşanan bu problem kəndin yalnız bir hissəsini əhatə edir:
- Dəfələrlə müraciət etmişik. Düzdü, istədilər nəyi isə köməklik edələr ancaq heç bir nəticə olmadı. Səbəb odur ki, transformator bizim evlərdən çox uzaqda yerləşir. Oradan işıq kabelləşmə sistemi ilə gətirilməlidir. Köhnə üsulla gətirilən elektrikdə itkilər olur. Bu da bizim istifadə etdiyimiz məişət cihazlarını sıradan çıxarır. Adi soyuducu işlədə bilmirik.
- Dörd ildir kondisioner alıb gətirmişik hələ bir dəfə də olsun işlədə bilmədik. Soyuducu işığın gah güclənib gah zəifləməsi səbəbindən xarab olur. Gedib dəfələrlə icra hakimiyyətinə xahiş elədik. Onlar da kabellə çəkib gətirdilər, amma yenə işə yaramadı.
Rayon mərkəzindən beş kilometr kənarda yerləşən Cəfərbəyli kəndinin bir hissəsində yaşanan problem sakinləri qış mövsümündə daha çox çətinliklərlə üz-üzə qoyur.
- Qışda vəziyyət daha çətin olur. Gələn iki naqildir. Qışda da yağıntılar olanda naqillərdə problemlər yaranır və qısa qapanmalara yol açır. Qışda vəziyyətimiz daha çətin olur.
Məsələ ilə bağlı “AZƏRİŞIQ” ASC – nin Ağcabədi Elektrik Şəbəkəsinə yollandıq. Qurumun rəisi İbrahim Məmmədov sakinlərin yaşadığı problemdən rəsmi müraciət olunmadığı üçün xəbərsiz olduqlarını bildirdi. Qeyd etdi ki, ən qısa zamanda yaranan çətinlik aradan qaldırılacaq: “Cəfərbəyli kəndindən bir qrup məcburi köçkün bizə müraciət etmişdir. Həmin məcburi köçkünlərin işıq təsərrüfatı yenidən qurulmuşdur. Kabel xətti ilə onlara normal gərginlik xətti verilmişdir. Hal-hazırda sizə şikayət olunub. Bu müraciətlə əlaqədar onu deyə bilərəm ki, həmin məcburi köçkünlərdən bizə rəsmi müraciət olunmamışdır. Qısa müddətdə - elə bu gündən başlayaraq həmin məsələni araşdırıb tədbir görüləçəkdir. Yaranan çatışmazlığı aradan qaldıracağıq.”
Ümid edirik ki, verilən söz tutulacaq məcburi köçkün ailələrinin uzun illərdir yaşadığı problem aradan qaldırılacaq.
Elgün Gəncimsoy,
Arzu Quliyev
APA TV