Ağdabanlılar: “Erməni vandalları cansız daşlardan da qisas almağa çalışıblar” - APA TV

Ermənistanın ordusunun dəstəyi ilə Qarabağdakı erməni separatçılarının Azərbaycan xalqına qarşı törətdiyi ən qanlı, ən amansız vəhşiliklərindən biri də Kəlbəcər rayonun Ağdaban kəndindəki faciədir. Qətliam 1992-ci il aprelin 7-dən 8-nə keçən gecə törədildi. Gündəlik həyatlarına davam edən əliyalın sakinlər qəflətən hücuma məruz qaldılar. 150-yə yaxın evdən ibarət olan kəndə hücum edən ermənilər 130-dan çox evi tamamilə yandırdılar, 779 nəfər dinc sakinə divan tutdular. Kəndin bütün sakinlərinə, yaşlı, uşaq, qadın, gənc demədən hamıya qəddarcasına soyqırımı aktı törətdilər. Faciə zamanı 32 nəfər amansızcasına qətlə yetirildi, 8 nəfər yaşlı qoca, 2 nəfər azyaşlı uşaq, 7 nəfər qadın diri-diri odda yandırıldı, 2 nəfər itkin düşdü, 12 nəfərə ağır bədən xəsarəti yetirildi, 5 nəfər isə girov götürüldü. Təkcə, Azərbaycan ədəbiyyatında istedadı və şəxsiyyəti ilə xalq içərisində "el atası" və dədə adlandırılan Dədə Şəmşirin nəslindən olan 15 nəfər sakin də bu faciənin qurbanı oldu. Erməni cəlladları Dədə Şəmşirin 28 yaşlı nəvəsi Qurbanov Qulu Şabər oğlunu diri-diri tonqalda yandırdı, 8 yaşlı Ülviyyənin gözləri qarşısında atası Camalı güllələdilər, özünü isə kartof quyusunda diri-diri basdırdılar. Kəlbəcər işğaldan azad olunandan sonra, bütün kəlbəcərlilər kimi, ağdabanlılar da artıq öz ata-baba yurdlarına gedirlər. Bu il də Ağdabanda törədilmiş faciəni anmaq üçün Ağdaban ictimaiyyəti və Azərbaycanın QHT təmsilçiləri Aşıq Şəmşirin dağıdılmış qəbir üstünə gələrək viran edilmiş kənddən beynəlxalq ictimaiyyətə açıq məktubla müraciət etdilər. Vurğulandı ki, Ağdaban soyqırımı da Xocalıda, Meşəlidə, Quşçularda, Malıbəylidə, Qaradağlıda, Ballıqayada, Başlıbeldə olduğu kimi Ermənistan silahlı qüvvələrinin Azərbaycana təcavüzü zamanı doğma torpağının müdafiəsinə qalxmış xalqımızı sarsıtmaq, onun mübarizə əzmini qırmaq, etnik təmizləmə aparmaq məqsədilə törədilib. Hazırki, ermənistan hökumətinə və ordusunubsilahlandıran qüvvələrə mesajlar verildi. “Azərbaycanın işğal edilmiş ərazilərində törədilən soyqırımı aktları, cinayətlərin nəticəsidir ki, bu gün azad edilmiş ərazilərdə onlarla kütləvi məzarlıqlar aşkarlanmaqdadır. Fransanın, Avropa İttifaqının Avropa sülh mexanizmi adı altında Ermənistanı silahlandırması, revanşizmin baş qaldırmasına hər cür dəstək verməsi bizi hiddətləndirir. Biz bu hərəkətləri, ərazi bütövlüyü məsələsinə ikili standartlarla yanaşmaları qəbul etmir, bu addımları Azərbaycan xalqına və dövlətinə qarşı fəaliyyət hesab edirik!”

Müəllif | Apa.Tv
Apa.tv