Ağdam sakini: “çox faciəli günlər yaşadıq”

Ermənistan silahlı qüvvələri,  müharibənin 11-ci günündə də öz mənfur niyyətlərindən əl çəkmədi. Yenə dinc əhalinin yaşadığı kəndlər ağır artilleriya atəşinə məruz qaldı.  Azərbaycan Ordusunun sərrast atəş ilə qabaqda olan müşahidə postlarını itirən ermənilər dağlara çəkilərək bütün hədəfləri dinc əhaliyə çevrilmişdi. Həmin gün Dörd yol - 2 qəsəbəsində FHN - nin Ağdam Yanğından Mühafizə Hissəsinin əməkdaşı, 27 yaşlı Qismət yaralanmışdı, 75 yaşlı qadın top mərmisindən həyatını itirmişdi, onlarla ev dağılmışdı, kəndlilərə məxsus mal-qara tələf olmuşdu. 

 

Ermənistan ordusu müharibənin başladığı ilk 10 gündə  tək cəbhəyə yaxın yaşayış məntəqələri yox, cəbhədən 50-100 kilometrlik məsafədə yerləşən mülkü əhalinin yaşadığı yerləri ağır artilleriyadan atəşə tuturdu. Oktyabrın 7 - də isə Ağdamın  Xındırıstan kəndi Ermənistan silahlı qüvvələrinin ən çox atəşə məruz qoyduğu kəndlərdən biri oldu. Həmin vaxt öz evində olan kənd sakini, 75 yaşlı Zərifə Əliyeva ermənilərin atdığı top mərmisindən dünyasını dəyişdi.

 

Zərifə Əliyevanın bacısı Lalə Əliyeva o günü göz yaşı ilə xatırlayır: “Heç 5 dəqiqə deyildi telefonla danışdıq. Dedi su gəlir durum qablarımı yuyum. Dedim hə Nə olar. Aradan 5 dəqiqə çəkmədi. Mənə zəng elədilər ki, bəs belə.. Zərifə rəhmətə gedib. Çox ağır dərddir, ağır yükdür. Heç dəfninə də gələ bilmədim. Qardaşlarım qoymadı. Dedilər göydən mərmi yağır. Heç meyiti basdırmağa imkan vermirdilər.”

 

Zərifə Əliyevanın qardaşı Qənbər Əliyev deyir ki, dəfələrlə bacısından ordan çıxmasını xahiş etsə də o razılaşmayıb: “Oktyabrın 7-si saat 11 radələrində o da həyətdə olub. O vaxtı qəlpələr dəymişdi, qəlpə evimizə də dəymişdi. Anam yaşlı adamdı yataqda idi. Yerini də çəkərsiniz lazım olsa tavanda  qəlpənin də yeri var. Həmin gün mənim bacım rəhmətə getdi. Nə qədər xahiş edirdim, yalvarırdım ki, gedək də çıxaq burdan, aparım səni, çıxmırdı.”

 

Döyüşlərin getdiyi zaman bizim çəkiliş qrupumuz da kənddə idi. Ermənilərin atdığı top mərmisi kənd sakini Vahid Abışovun həyətinə düşərək mal qarasının tələf olmağına səbəb olmuşdu. Həmin vaxt digər mərmi düşdü. Çəkiliş qrupumuz mərmi düşən həyətə çatdıqda Zərifə Əliyevanın həyatını itirdiyini görmüşdü. Bu gün həmin gündən 1 il keçir. Artıq Qarabağda silah səsləri eşidilmir. əksinə ermənilərin hərbi mövqelərinin yerində yenidən qurma işləri aparılır.

 

Zərərçəkən, yaxınlarını itirən insanlarımızın isə tək təsəllisi torpaqlarımızın azad olunmasıdır.

 

- Çox faciəli günlər yaşadıq. Amma şükür bu günə. Ali baş komandanın sayəsində torpaqlarımız alındı. Ordumuzun sayəsində. Allah şəhidlərimizə rəhmət eləsin. Qazilərimizə can salığı versin. Şükür ki, torpaqlarımız alındı.

 

Bəli bu günü ötən ilin bu günü ilə müqayisə edəndə çox şey dəyişib. Səngərdən çıxan Azərbaycan əsgəri artıq sərhədini müəyyən edib və Azərbaycan Bayrağını sərhəd dirəyinə sancıb. İşğaldan azad olan ərazilərdə tikini quruculuq işlərinə başlanılıb.

 

 

Habil Aslanoğlu, Ziya İsmayıloğlu, APA TV

 

 

Müəllif | Apa.Tv
Apa.tv