Ağdam Suqovuşanda ayağını itirən qazini belə qarşıladı - REPORTAJ
Düşmən canına qorxu salan rəşadətli ordumuzun cəsur hərbçisi, Vətən Müharibəsində Suqovuşanı 28 illik düşmən işğalından azad edərkən yaralanan kiçik çavuş öz doğma yurduna qayıdıb.
APA TV xəbər verir ki, 23 yaşlı Rahil Şükran oğlu Əhmədzadə ilk olaraq Ağdamda Qarabağ müharibəsi uğrunda şəhid olan vətən oğullarının xatirəsinə ucaldılan abidə kompleksini ziyarət edib.
Borcunu layiqincə ödəmiş qazimizi rayon sakinləri alqışlarla qarşılayıb.
Qazi Məhərrəm Məhərrəmov qələbəni sevinclə qarşıladıqlarını, əhval-ruhiyyənin yüksək olduğunu deyir: “Hamımızın əhvalı yüksəkdir. Yəni siz tək deyilsiniz. Xalq hamısı sizin yanınızdadır. Ölkənin prezidenti cənab İlham Əliyev bildirdi ki, mən hər zaman qazilərin yanındayam. Həmişə də hamımız sizin yanınızda olacağıq. Buradakıların çoxu da elə keçmiş qazilərdir. Allah sizi var eləsin! Şəhidlərimizin qarşısında baş əyirik. Şəhidsiz, qazisiz torpaq olmaz”.
Döyüşçü Şamil Əbilov deyir ki, xalqın birliyi nəticəsində torpaqlar işğaldan azad olunub: “Allah bütün şəhidlərimizə rəhmət eləsin. O torpaqlarımızın hər addımına şəhidlərimizin qanı tökülüb. Düz Şuşaya kimi şəhid olan, övladlarımızın anası, atası, qardaşları, hamısının qarşısında baş əyirik”.
Rahil daha sonra alnı açıq, üzü ağ şəkildə Sarıcalı kəndində olan evinə gəlib. Onun doğulduğu Sarıcalı kəndi düz 27 ildir ki, cəbhə bölgəsidir. Ötən illər ərzində ermənilər kəndə kifayət qədər problem yaradıb. Onun ailəsi də həmkəndliləri kimi, uzun illər nə normal şəraitdə çalışa, nə də yaşaya bilib. Dörd ildir hərbi xidmətdə olan Rahil sonuncu dəfə oktyabrın 13-də Suqovuşanın azad olunması uğrunda gedən döyüşlərdə yaralanıb. Üç bacının bir qardaşı olan qazimiz sağ ayağını itirib... “Mən də buradan cəbhədə döyüşən yoldaşlarıma öz minnətdarlığımı bildirirəm. Yaxşı ki, Ali Baş Komandan bizə bu komandanı verdi. Zəfər əmrini götürdük. Mən şəxsən fəxr edirəm. Bu şəhidlik, qazilik hər insana qismət olmur. Mən də istəyərdim şəhid olum digər qardaşlarım kimi. Qismətdir - biri şəhid olur, biri qazi...”
Əsgərimizin anası Nazilə xanım övladının döyüşlərdəki nailiyyətini ordumuzun uğuru sayır. Oğlunun ya şəhid, ya da qazi olacağına bir an belə şübhə etməyən Nazilə ana deyir ki, müharibənin ilk günündən hərbi xidmət çəkən bütün döyüşçülərimizə dua edirmiş: “Hər ananın keçirdiyi hissi mən də keçirirəm. Amma fəxr edirəm, balamla fəxr edirəm. Azərbaycan xalqı, döyüşən uşaqlarla fəxr edirəm. Prezidentimizlə fəxr edirəm. Fəxr edirəm ki, belə övladlarımız var, yağı düşməndən torpağımızı azad etdilər”.
İndi hər kəs kimi, Əhmədovlar ailəsi də qürurludur. Çünki övladlarının xidmət etdiyi Azərbaycan Ordusu artıq hünər meydanında tarixi ədaləti bərpa etməyi bacarıb, ərazi bütövlüyümüz təmin olunub və Azərbaycan oğulları öz el-obasına zəfərlə dönüb.
Habil Aslanoğlu,
Ziya İsmayilov,
APA TV