Ağdamda bələdiyyə sədri 150 hektardan çox torpağı... – İCRA BAŞÇISINDAN SENSASİON AÇIQLAMA

Ötən il Ağdamda ən çox qeyri-qanuni nöqsanları Bələdiyyə sədrləri törədib.

 

APA TV-nin məlumatına görə, bunu  rayon İcra Hakimiyyətinin başçısı Vaqif Həsənov  2019-cu ilin yekunlarına dair hesabatı zamanı açıqlayıb.

 

Onun sözlərinə görə, həyata keçirilən yaxşı işlərin fonunda bəzi idarə və müəssisə, təşkilat rəhbərlərinin qanunsuz hərəkətləri ifşa edilib. “Bələdiyyələr arasında ən ciddi nöqsan Xındırıstan kənd bələdiyyəsində qeydə alınıb. Torpaqların monitorinqi zamanı aydın olub ki, Xındırıstan kənd bələdiyyəsinə ayrılmış torpaq sahələri bələdiyyə sədri və yaxın qohumları tərəfindən zəbt olunub. 68 hektar torpaq sahəsi bələdiyyə sədrinin xalası oğluna, 84 hektardan çoxunu isə bələdiyyə sədri özünə məxsus ferma təsərrüfatının əkin sahəsi üçün ayırıb. Bir hissəsi isə heç bir müqavilə sənəti olmadan digər şəxslərə verilib. Bununla bağlı Ədliyyə Nazirliyinin müvafiq şöbəsi Rayon İcra Hakimiyyətinin təklifi ilə araşdırma aparıb və yekun sənədlər rayon prokurorluğuna göndərilib”.

 

İcra Hakimiyyətinin başçısı həmçinin bildirib ki, il ərzində torpaq sahələrinin istifadəsinə görə Üçoğlan bələdiyyəsinə 2550 manat, Zəngişalı bələdiyyəsinə 1776 manat, Qaradağlı bələdiyyəsinə 2750 manat, Əhmədağalı bələdiyyəsinə 5760 manat, Sarıcalı bələdiyyəsinə 1550 manat, Quzanlı qəsəbə bələdiyyəsinə 6480 manat vəsaitin ödənilib. Lakin rayon rəhbəri bu rəqəmlərin həqiqətə uyğun olmadığını bildirib. O, bu sahədə də yoxlamalar aparıldığını və çox yaxın bir müddətdə əsl həqiqətlərin ortaya çıxacağını bildirib.  Qeyd edib ki, Alıbəyli, Əfətli, Qərvənd, Hacıturallı bələdiyyəsinin hesabatlarında  yol işlərinin təmiri və ya bərpasının  aparılması göstərilsə də, əlaqədar təşkilatların hesabına 1 manat belə vəsait ödənilməyib.

 

İcra Başçısı, Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi Dövlət Məşğulluq Xidmətinin Ağdam rayon Məşğulluq Mərkəzinin də işlərində nöqsanların olduğunu vurğulayıb: “Vətəndaşların müraciətləri yerində araşdırılmır. Özünüməşğulluq  proqramının  həyata keçirilməsində nöqsanlara yol verilir. Bu da insanlar arasında narazılıqlar yaradır. Bəzi idarə və müəssisə təşkilat rəhbərləri məşğulluq mərkəzi ilə gizli sövdələşməyə girməsi nəticəsində vakant iş yerləri gizlədilir. Bu səbəbdən də mərkəzin direktoru,  Elşən Rüstəmov tutduğu vəzifədən azad edilib“.

 

Vaqif  Həsənov idarə, müəssisə rəhbərlərinin öz yaxınlarını qeyri-qanuni yollarla işlə təmin etdiyini də vurğulayıb: “Xındırıstan kənd körpələr evi uşaq bağçasında işləyən bir nəfər tərbiyəçi və bir nəfər tibb bacısı 65 yaşı tamam olduğuna görə işdən azad edilib. Onların yerinə tibb bacısı Ağayeva Türkan Bəxtiyar qızı, Əmirova Afət Qaytaran qızı isə tərbiyəçi müəllim kimi rayon icra hakimiyyətinə məlumat verilmədən işə götürülüb. Ötən illərdə ali və ya orta ixtisası olmayan insanlar rayon icra hakimiyyəti tərəfindən işlə təmin edilib”.

 

İcra başçısı ötən ilə ərzində aparılmış monitorinqlər zamanı musiqi məktəblərində, eləcə də Rayon Mərkəzi Xəstəxanasında neqativ halların olduğunu bildirib. Onun sözlərinə görə, hazırda Rayon Mərkəzi Xəstəxanasında 143 həkim, 234 tibb bacısına ehtiyac var.

Müəllif | Apa.Tv
Apa.tv