Ağdamda dörd minadan ibarət tələ aşkar edilib
Ağdam rayonunun Orta Qərvənd kəndi ərazisində aparılan təmizləmə əməliyyatları zamanı mülki təyinatlı ərazilərin ətrafında 1 ədəd tank əleyhinə minanın üzərinə 1 ədəd piyada əleyhinə minanın, eləcə də 3 ədəd üst-üstə yerləşdirilən tank əleyhinə minanın üzərinə 1 ədəd piyada əleyhinə minanın yerləşdirilməsi faktları aşkar edilib.
APA TV xəbər verir ki, bu barədə Minatəmizləmə Agentliyinin yaydığı məlumatda bildirilib. Tərkibində 7 kq partlayıcı maddə olan tank əleyhinə mina texnikanın sıradan çıxarılması üçün nəzərdə tutulub. Aşkar olunan tank və piyada əleyhinə minalardan ibarət üst-üstə qoyulan tələ-minalarının partlayışı nəticəsində nəinki insanın sağ qalma ethimalı, hətta texnikanın hər hansı bir hissəsinin yararlı halda qalması sıfıra bərabərdir.
Qeyd edilib ki, Minatəmizləmə Agentliyi tərəfindən aparılan təmizləmə əməliyyatları zamanı mütəmadi olaraq tələ minaları, ölüm ehtimalını artıran mina-sürprizlərə rast gəlinir.
ANAMA vətəndaşlara bir daha müraciət edərək bildirir ki, təhlükəsizliyinə əmin olmadıqları ərazilərə daxil olmasınlar, yalnız təyin olunan marşrutlardan istifadə etsinlər. Rast gəldikləri naməlum əşyalara toxunmaq, zərbə yetirmək və ya müdaxilə etmək qəti qadağandır!"