Ağdamda “Əsgərə salam” adlı fləşmob keçirilib

Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsi Ağdam rayonunda 2 fevral – Gənclər gününə həsr edilmiş “Əsgərə salam” adlı fləşmob təşkil edib.

 

APA TV-nin Qarabağ bürosunun xəbərinə görə, Ağdam Rayon İcra Hakimiyyətinin dəstək verdiyi bu kütləvi tədbirdə 1200 nəfər yerli gənc iştirak edib.

 

Aksiyanın məqsədi “Könüllülər ili”ndə gənc könüllülərlə birlikdə cəmiyyətin müxtəlif təbəqələrinin Ali Baş Komandana yüksək etimadını və inamını, Silahlı Qüvvələrimizin şəxsi heyəti ilə həmrəyliyini bir daha nümayiş etdirmək olub.

 

Daha sonra kütləvi tədbirin iştirakçıları tərəfindən hərbi salam verən əsgər siluetindən və “Əsgərə salam” sözlərindən ibarət fləşmob nümayiş etdirilib.

 

Fləşmobdan sonra rayon ərazisindəki hərbi hissədə xidmət edən əsgər və zabitlərlə görüş keçirilib. Aksiya iştirakçıları əsgər süfrəsinin qonağı olublar.

 

Fevralın 2-də başa çatdırılması nəzərdə tutulan aksiya çərçivəsində ərazisi işğal olunmuş rayonların icra hakimiyyətləri, müxtəlif dövlət qurumları, universitet, məktəb, bağça, idman federasiyaları, xaricdə təhsil alan tələbələr və fərdi şəxslər tərəfindən əsgər salamı vəziyyətində çəkilmiş yüzlərlə şəkil #esgeresalam #dovletqacqinkom həştəqləri ilə sosial şəbəkə hesablarında paylaşılacaq.

Müəllif | Apa.Tv
Apa.tv