Ağdamda evinə geri dönən qazi belə qarşılandı - REPORTAJ

Sentyabrın 27-də işğalçı Ermənistan ordusunun təxribatlarına cavab olaraq Qarabağ uğrunda başladığımız haqq savaşında rəşadətli Azərbaycan Ordusu qısa bir zamanda tarixi qələbə qazandı.

 

APA TV-nin yerli bürosunun məlumatına görə, 44 gün davam edən Vətən müharibəsində qəhrəman oğullarımız düşmənə sarsıdıcı zərbələrə endirərək, onları 27 ildir işğal etdikləri torpaqlarımızdan əbədi olaraq qovdu. Bu gün Qələbə sevincini bizlərə yaşadan qazilərimiz izdihamla qarşılanaraq doğulduqları el-obaya qayıdırlar.

 

Vətən müharibəsində əldə etdiyimiz Qələbənin təmin olunmasında qəhrəmanlıq göstərən hərbçilərimizdən biri də Ağdam rayonunun Yuxarı  Çullu kənd sakini Feyruz İsmayılovdur. Leytenant Feyruz evinə qayıtmazdan öncə birinci Qarabağ müharibəsində şəhid olan vətən oğullarının xatirəsinə ucaldılan abidə kompleksini ziyarət edərək onların qanının yerdə qalmadığını dedi. Sonra məskunlaşdığı Quzanlı qəsəbəsindəki evinə gəldi:  “Mən çox qardaşlara arzu edərdim ki, mənim kimi olsalar da, kaş öz evlərinə gələ biləydilər. Allah şəhidlərimizə rəhmət eləsin. Hosbitalda, Papanində, Gömrük hospitalında yatan bütün yaralıların hər birinə Allah kömək olsun. Allah şəfa versin”.

 

Dörd bacının 1 qardaşı olan Feyruz oktyabrın 5-i Suqovuşanı düşmən işğalından azad edərkən yaralanıb. Onun yaxınlığına düşən raket sol qolunu itirməyinə səbəb olub. İki ayağı isə qəlpə yarası alıb.

 

Amma Feyruzun anası Fənarə, atası Vəli çox qürurludur. Çünki Feyruz və hərbçi dostları Vətən müharibəsində şanlı tarix yazıblar:

 

- Şükür bu günümüzə ki, torpaqlarımız alındı. Çox şükür. Oğullarımız var olsun. Onlara arzu edirəm ki, sağ-salamat gedib həmin torpaqlarda gəzsinlər, işləsinlər. Öz işlərini davam eləsinlər.

 

- Əsgərlərimiz olmasa, biz bu gün burda ola bilməzdik, torpaqlarımız azad olunmazdı. Onların sayəsində bu gün burdayıq. Gün o gün olsun, yaxın günlərdə, yaxın ərəfədə hər birimiz öz elimizə, öz torpağımıza, öz dədə-baba ocağımıza gedək. Gedək qəbiristanlığımızı ziyarət edək, orda yaşayaq. Gün o gün olsun ki, başda Prezidentimiz olmaqla gördüyünüz bu cavanlar, bu yeniyetmələr əmin-amanlıq içində yaşasınlar.

 

Feyruzun doğulduğu kənd işğal olunanda onun cəmi 1 yaşı olub. 28 yaşlı qazimiz indi ailəlidir və oğlu Vəlinin 3 yaşı var. Feyruzun ömür-gün yoldaşı Bahar xanım həyat yoldaşının qəhrəmancasına döyüşməsi ilə qürur duyur: “Yoldaşımla fəxr edirəm, Vətən sağ olsun. Sevinirəm ki, Vətənimiz ermənilərin əlindən qurtuldu. Çox sevinirəm”.

 

Feyruzun nənəsi Dilarə Əliyeva da nəvəsi ilə qürur duyur: “Mənim oğullarımın, nəvələrimin hamısı bu dəqiqə cəbhədədir. Biri Şuşa döyüşündə, Şuşanı alıb. İndi Qazaxda xəstəxanadadır. Bu nəvəm də Suqovuşanda döyüşüb və yaralanıb. O biri nəvələrim də bu dəqiqə Ağdamda, Şahbulaqdadır”.

 

Habil Aslanoğlu,

Ziya İsmayılov,

APA TV

 

 

Müəllif | Apa.Tv
Apa.tv