Ağdamda külək şəhidin məzar daşını aşırdı
Ağdamda 2 gün əvvəl əsən güclü külək şəhidin məzar daşını aşırıb.
APA TV-nin Qarabağ bürosunun məlumatına görə, hadisə rayonun Mahrızlı kəndində baş verib.
Kənd sakinlərinin sözlərinə görə, şəhid Arzuman Hümbətovun hər iki valdeyini öldüyü üçün onun məzar daşını düzəldən yoxdur. Şəhidin bir bacısı var ki, o da kənddə yaşamır.
Kənd sakini Mehman Baxşaliyev şəhidin məzarının tezliklə bərpa olunmasını istəyir: “Arzuman İsa oğlu torpaqlarımız uğrunda şəhid olub. Onu nə atası var, nə anası. Atası da rəhmətə gedib anası da. Dövlətimizdən xahiş edirik onun məzarın bərpa edilsin”.
Məsləyə münasibət bildirən Ağdam rayon İcra Hakimiyyətinin başçısı Vaqif Həsənov bildirib ki, fevralın 25-də əsən güclü külək xeyli fəsadlar törədib. Dövlət və şəxsi binaların dam örtüyü uçub. Hazırda Rayon İcra Hakimiyyətinin nəzdində yaranan komissiya dəyən ziyanın miqdarını araşdırır. Şəhid Arzuman Hümbətovun məzar daşı isə ən qısa müddətdə bərpa olunacaq.
Qeyd edək ki, Arzuman Hümbətov 1992-ci ildə Birinci Qarabağ müharibəsi zamanı rayonun Gülablı kəndi istiqamətində gedən döyüşlərində şəhid olub.