Ağdamda məktəblilər arasında mühüm yarış

Ağdamın Quzanlı qəsəbəsində “Gənc xilasedici və yanğınsöndürən” yarışlarının zona birinciliyi keçirilib.

APA TV-nin xəbərinə görə, tədbir Fövqəladə Hallar Nazirliyinin təşkilatçılığı, Təhsil, Gənclər və İdman nazirliklərinin dəstəyi ilə təşkil olunub. Yarışda, Fövqəladə Hallar Nazirliyinin Qarabağ Regional mərkəzinin əhatə etdiyi rayonlar, Ağdam, Bərdə, Ağcabədi, Laçın, Şuşa, Beyləqan və Füzuli rayonundan olan məktəblilər iştirak edib.

Yarışın əsas məqsədi şagirdlərin fövqəladə hallara hazırlıqla bağlı fiziki və intellektual səviyyəsinin yoxlanılması, məktəblilərdə şəxsi və ictimai təhlükəsizliyə məsuliyyətli yanaşma hissinin artırılması və yetişməkdə olan gənc nəslin nümayəndələrinə sağlam həyat tərzinin aşılanmasıdır.

Yarış “Kombinə edilmiş yanğın estafeti”, “Maneələr zolağı” və “Komandaların təqdimatı” adlı üç mərhələdən ibarət olub. 

Zona birinciliyində Şuşa məktəbliləri birinci, Ağdam məktəbliləri ikinci, Ağcabədi məktəbliləri isə üçüncü yeri qazanıb. Birinci yeri tutan Şuşa komandası “Gənc xilasedici və yanğınsöndürən” yarışlarının respublika birinciliyində iştirak etmək hüququ qazanıb.

Müəllif | Apa.Tv
Apa.tv