Ağdamda sakinlərin həyətinə düşən partlamamış mərmi zərərsizləşdirilib

Ermənistan silahlı qüvvələri işğal etdikləri Azərbaycan torpaqlarında terror aktları törətməkdə davam edir.

 

APA TV-nin yerli bürosunun xəbərinə görə, işğalçı ölkənin ordusu ağır artilleriyadan açdığı top və raket mərmiləri ilə cəbhəboyu yaşayış məntəqələrini hədəf seçirlər.

 

Aparılan müşahidələr göstərir ki ermənilərin atdığı mərmilərin bir qismi düşdükdən sonra partlayış baş vermir. Bu da yerli sakinlər üçün təhlükə mənbəyinə çevrilir.

 

Ərazilərin Minalardan Təmizlənməsi üzrə Milli Agentliyin əməkdaşlarının növbəti əməliyyatı zamanı Ağdam rayonunda yaşayış məntəqəsində yerli sakinin həyətinə düşüb partlamayan top mərmisi zərərsizləşdirilib:

 

ANAMA-nın regional supervayzeri  Xaliq Zülfüqarov deyir ki, əməliyyat zamanı partlamamış mərmi iki metrlik dərinlikdən çıxarılıb: “Təcili çağırış əsasında ANAMA-nın əməliyyat qrupu olaraq mərmi düşmüş əraziyə gəldik, bir ədəd top mərmisi evin arxasına düşüb partladı. İkinci mərmini isə gördüyünüz bu həyətin bağçasından, yerin altında 2 metrlik dərinlikdən partlamamış vəziyyətdə götürdük”.

 

Qeyd edək ki, yerli sakinlər təhlükəli əşyalarla qarşılaşdığı zaman Daxili İşlər Nazirliyinin 102 zəng mərkəzinə məlumat verə bilərlər.

 

Müəllif | Apa.Tv
Apa.tv