Ağdamda şəhid ailələrinə və qazilərə medallar təqdim olundu

Ağdamda 26 iyun - Silahlı Qüvvələr günü münasibətilə tədbir keçirilib.

 

APA TV-nin Qarabağ bürosunun xəbərinə görə, tədbir  Ağdam Rayon İcra Hakimiyyəti və Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin yerli şöbəsinin birgə təşkilatçılığı ilə baş tutub.

 

Tədbir iştirakçıları öncə ulu öndər Heydər Əliyevin rayon mərkəzindəki abidəsini  ziyarət edib, abidə önünə tər güllər düzülüb və xatirəsinə dərin ehtiram bildirilib.

 

Heydər Əliyev mərkəzində keçirilən tədbir Dövlət Himninin səsləndirilməsi ilə başlayıb. Daha sonra şəhidlərin xatirəsi bir dəqiqəlik sükutla yad olunub.

 

Şəhid ailələri və qazilərin iştirak etdiyi tədbirdə müzəffər Azərbaycan ordusunun 44 günlük Vətən Müharibəsindəki tarixi qələbəsinin əhəmiyyətindən danışılıb. Qeyd olunub ki, Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu tarixdə misli görünməyən qələbəyə nail olub.

 

Azərbaycan Prezidenti İlham Əliyevin müvafiq sərəncamları ilə Vətən Müharibəsində qəhrəmancasına şəhid olan şəxslərin ailə üzvlərinə və qazilərə medallar təqdim olunub.

 

Tədbirin sonunda Ağdam Rayon İcra Hakimiyyəti başçısının müvafiq sərəncamı ilə bir qrup müharibə iştirakçısı fəxri fərmanla da təltif olunub.

 

Habil Aslanoğlu

Ziya İsmayılov

Müəllif | Apa.Tv
Apa.tv