Ağdamda tapılan kütləvi məzarlıqda azı 4 nəfərin qalıqları var
Ağdam rayonunun Sarıcalı kəndi ərazində avtomobil yolunun kənarında aşkarlanan kütləvi məzarlıqda azı 4 nəfərin qalıqları var. Bunu ərazidə olan AMEA-nın Arxeologiya, Etnoqrafiya və Antropologiya İnstitutunun əməkdaşı, antropoloq Vüsal Həsənov deyib. O bildirib ki, 50 kvadratmetr ərazidə dərinləşdirmə işləri aparılıb və 40-50 santimetr dərinlikdə 3 fərqli yerdə qalıqlar aşkar olunub. Ağdamda yeni aşkarlanan kütləvi məzarlıq barədə əsir və itkin düşmüş, girov götürülmüş vətəndaşlarla əlaqədar Dövlət Komissiyasının İşçi qrupu rəhbərinin müavini Eldar Səmədov da açıqlama verib. O bildirib ki, üçtərəfli bəyanat imzalandıqdan sonra aparılan axtarış-qazıntı işləri zamanı 400-ə yaxın vətəndaşımıza aid meyit qalıqları aşkar edilib. Baş Prokurorluq Ağdamda tapılan kütləvi məzarlıq barədə məlumat yayıb. Məlumatda deyilir ki, iyunun 19-u saat 09 radələrində Ağdam rayonunun işğaldan azad olunmuş Sarıcalı kəndi ərazisində mina təmizləmə işləri aparılan zaman insan sümüklərinə bənzər sümük fraqmentləri aşkar edilib. Fakt üzrə Ağdam rayon prokurorluğunda araşdırma aparılır. Habil Aslanoğlu, Ziya İsmayılov, APA TV