Ağdamda Türkiyə-Rusiya Birgə Monitorinq Mərkəzinin açılışı olub

Yanvarın 30-da Ağdamın işğaldan azad olunmuş Mərzili kəndi yaxınlığında Türkiyə-Rusiya Birgə Monitorinq Mərkəzinin açılışı olub.

 

APA TV-nın məlumatına görə açılışda Azərbaycan müdafiə naziri Zakir Həsənov, Türkiyə müdafiə nazirinin müavini Yunus Əmrə Qaraosmanoğlu və Rusiya müdafiə nazirinin müavini Aleksandr Fomin iştirak ediblər.

 

Zakir Həsənov, Yunus Əmrə Qaraosmanoğlu və Aleksandr Fomin əvvəlcə Mərkəzin önündəki rəmzi qırmızı lenti kəsiblər.

 

Sonra Azərbaycan, Türkiyə və Rusiyanın dövlət himnləri səsləndirilib.

 

Müdafiə naziri, general-polkovnik Zakir Həsənov deyib ki, 2020-ci ilin 27 sentyabr tarixində Azərbaycan Ordusu, Ermənistan Silahlı Qüvvələrinin növbəti təxribatının qarşısını alaraq əks hücum həyata keçirib. Ali Baş Komandanın  rəhbərliyində 44 gün davam edən müharibə Azərbaycan Respublikasının tam qələbəsi  və ərazi bütövlüyünün bərpası ilə başa çatıb.

 

Nazir bildirib ki, Azərbaycan Respublikasının Prezidenti, Rusiya Federasiyasının Prezidenti və Ermənistanın Baş naziri arasında 10 noyabr 2020-ci il tarixində imzalanmış  üçtərəfli bəyanatla atəşkəs rejiminə nail olunub və 30 ilə yaxın davam edən Dağlıq Qarabağ münaqişəsinə son qoyulub:

 

“Türkiyə Respublikasının və Rusiya Federasiyasının  hərb siyasi rəhbərliyinin səyi nəticəsində regionda sülhə nail olunub. Türkiyə və Rusiya arasında 11 noyabr 2020-ci il tarixində imzalanmış Atəşkəsə Nəzarət üzrə Birgə Mərkəzin yaradılması haqqında Memorandum xüsusi əhəmiyyət kəsb edir”.

 

Z. Həsənov qeyd edib ki, mərkəzin fəaliyyəti regionda uzunmüddətli sülhün və təhlükəsizliyin bərqərar olmasına öz töhfəsini verəcək:

 

“Eyni zamanda əminik ki, Mərkəzdə bizim türkiyəli və rusiyalı həmkarlarımız arasında dost və işçi münasibətləri yaranacaq. Türkiyəli və rusiyalı hərbi qulluqçular Atəşkəsə Nəzarət üzrə Birgə Mərkəzin açılışı münasibəti ilə təbrik edir, onlara xidməti döyüş fəaliyyətlərində uğurlar arzu edirəm”.

 

Açılışda çıxış edən Rusiya müdafiə nazirinin müavini, general-polkovnik Aleksandr Fomin deyib ki, ötən ilin payızında Rusiya Federasiyası, Azərbaycan Respublikası və Ermənistan Respublikası rəhbərlərinin səyləri və iradəsi ilə postsovet məkanında ən uzunmüddətli və qanlı münaqişələrdən birinin dayandırılmasına nail olunub.

 

General bildirib ki, 2020-ci il 9 noyabr tarixli üçtərəfli qərarla Rusiya sülhməramlı kontingenti Dağlıq Qarabağ münaqişəsi zonasına yeridilib:

 

“Rusiya sülhməramlıları ərazilərin minalardan təmizləyir, əsirlərin və həlak olan şəxslərin meyitlərinin mübadiləsi istiqamətində böyük iş görür, həmçinin qaçqınların daimi yaşayış yerlərinə qayıtmasına yardımçı olur.

Təbii ki, yerlərdə bu işə Azərbaycan və Ermənistan tərəfi böyük dəstək verir.

Bundan başqa, bölgədə stabil sülhün və təhlükəsizliyin təmin olunması məqsədilə Rusiya və Türkiyə Müdafiə nazirlikləri arasında Qarabağda atəşkəsə və bütün hərbi əməliyyatlara nəzarət üzrə Birgə Mərkəzin yaradılmasına dair qarşılıqlı sıx əməkdaşlıq yaradılıb.

Bununla yanaşı, Azərbaycan rəhbərliyi tərəfindən bu cür gözəl Mərkəzin yaradılması və təminatı ilə bağlı böyük iş görülüb.

Əslində, bu, bizim sülhməramlı fəaliyyətimizdə yeni mərhələdir. Bizim Türkiyə hərbçiləri ilə əməkdaşlığımızın Suriyada çox gözəl nümunəsi var. Mən rusiyalı və türkiyəli hərbçilərə üzümü tutaraq bildirmək istəyirəm ki, burada sülhün nə qədər tez və dayanıqlı olması sizin fəaliyyətinizdən asılıdır. Hamıya uğurlar arzulayıram”. 

 

Türkiyə milli müdafiə nazirinin müavini Yunus Əmrə Qaraosmanoğlu deyib ki, Azərbaycan, Ermənistan və Rusiya arasında 10 noyabr 2020-ci tarixində imzalanan atəşkəs razılaşması çərçivəsində daha əvvəl işğal altında olan bütün Azərbaycan torpaqlarında atışmaların dayandırılması və atəşkəsə nəzarət məqsədilə Türkiyə və Rusiya arasında imzalanan saziş əsasında Atəşkəsə Nəzarət üzrə Türkiyə-Rusiya Birgə Monitorinq Mərkəzi bu gündən etibarən fəaliyyətə başlayıb.

 

O bildirib ki, bu gün burada Mərkəzin açılması da daxil olmaqla, bölgədə sülhdən bəhs edə biliriksə, bu, üç liderin - Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan, Azərbaycan Prezidenti İlham Əliyev və Rusiya Prezidenti Vladimir Putinin səyləri və ortaya qoyduqları iradə nəticəsində mümkün olub.

Nazir müavini qeyd edib ki, son illər qlobal və regional səviyyədə baş verən hadisələr Rusiya ilə həm ikitərəfli əməkdaşlığın, həm də regional məsələlərdə dialoqun nə qədər əhəmiyyətli olduğunu bir daha göstərmiş oldu:

 

“Bunun ən bariz nümunəsi Azərbaycan, Rusiya və Türkiyə prezidentlərinin atdığı addımlardır. Bizim həm ikitərəfli qaydada, həm də regional məsələlərdə Azərbaycan və Rusiya ilə həmrəyliyimiz Qafqazda sülh, sabitlik və inkişaf üçün çox qiymətlidir. Rusiya, Türkiyə və Azərbaycan arasında münasibətlər gələcək birgə məqsədlərə çatmaq üçün möhkəm və əlverişli əsaslara malikdir.

Bu çərçivədə bu Mərkəz ilk baxışda görünəndən daha vacib əhəmiyyət və məna kəsb edir. Mərkəzin qıza zamanda qurulmasından və açılmasından məmnunuq. Ortaq Mərkəz vasitəsilə atəşkəsə riayət edilməsini təşkil edərək sabitliyin təmin olunmasına birlikdə töhfə verəcəyimizə inanırıq. Qarşıdakı müddətdə bu işbirliyi iradəsinin davam etməsini faydalı hesab edirik. Türk və rus əsgərləri birlikdə çalışaraq bölgədə sülh və sabitliyi təmin edəcək”.

 

Y. Ə. Qaraosmanoğlu Türkiyə-Rusiya Birgə Monitorinq Mərkəzinin fəaliyyət istiqamətlərini də açıqlayıb:

 

“Türkiyə-Rusiya Birgə Monitorinq Mərkəzi atəşkəs rejiminə və bütün atışmaların dayandırılmasına nəzarətin təmin edilməsi, razılaşmanın pozulmasına dair bütün hərəkətlərlə bağlı informasiyaların toplanması, toplanmış məlumatların araşdırılaraq atəşkəsin pozulması hallarının qeydiyyata alınması, tərəflərin razılaşmaya əməl etməməsinə dair digər şikayət və problemlərin araşdırılması, habelə atəşkəsin pozulmasının qarşısının alınması üçün tədbirlər görülməsi istiqamətində fəaliyyət göstərəcək”.

 

O, Türkiyə, Rusiya və Azərbaycan arasındakı bu əməkdaşlığın qarışlıqlı etimadın, dostluq münasibətlərinin daha da güclənəcəyinə və Azərbaycanla Ermənistan arasında yaxşı qonşuluq münasibətlərinin yaranacağına töhfə verəcəyinə də inandıqlarını bildirib.

“Türkiyə olaraq bu günə qədər olduğu kimi, bundan sonra da azərbaycanlı qardaşlarımızla həmrəy olacağımızı bildirir, bu mərkəzin bölgənin sabitliyinə töhfə verəcəyinə və bu mərhələnin problemsiz şəkildə tamamlanacağına ümid edirəm”.

 

Daha sonra qonaqlar Mərkəzdə yaradılmış şəraitlə tanış olublar.

 

Bildirilib ki, Mərkəzin əsas məqsədi 2020-ci il noyabrın 10-da Azərbaycan, Rusiya və Ermənistan arasında bağlanmış üçtərəfli bəyanatın bəndlərinin və əldə olunmuş razılaşmaların yerinə yetirilməsinə nəzarət etməkdir.

 

Qeyd edilib ki, Türkiyə-Rusiya Birgə Mərkəzinin ümumi sahəsi 4 hektara yaxındır. Ərazidə 65 ədəd modul tipli xidməti, inzibati və yaşayış otaqları var. Bütün otaqlar zəruri avadanlıqlar, su, elektrik və istiliklə təmin olunub.

 

Bundan əlavə hər iki tərəfin istifadəsi üçün ayrı və ümumi monitorinq mərkəzləri, brifinq zalı, 100 nəfərlik yeməkxana, tibb məntəqəsi, camaşırxana, bərbər, dərzi, mağaza da var.

 

Ərazidə su stansiyası, transformator, generator, avtomobil dayanacağı, açıq havada iki ədəd idman şəhərciyi, eləcə də iki ədəd qapalı idman zalı, ərzaq və soyuducu anbarlar yerləşir.

 

Bütün əraziyə, perimetr boyu hasar çəkilib, 4 ədəd müşahidə nəzarət qülləsi quraşdırılıb, sutkalıq mühafizə təşkil olunub.

 

Şəxsi heyətin istirahətinin təşkili üçün zəruri avadanlıqla tam təmin edilmiş istirahət otaqları da hazırlanıb.

 

Birgə Mərkəzin mühafizəsi Azərbaycan Ordusunun hərbi qulluqçuları tərəfindən həyata keçirilir.

 

Monitorinq Mərkəzində həm Türkiyə, həm də Rusiya tərəfdən 60 hərbi qulluqçu xidmət göstərəcək.

 

Monitorinq mərkəzinin Türkiyədən olan şəxsi heyətinə general-mayor Abdullah Katırcı, Rusiyadan olan şəxsi heyətinə isə general-mayor Viktor Fedorenko rəhbərlik edir.

Açılış tədbiri  Azərbaycan, Türkiyə və Rusiya rəsmilərinin ağacəkmə mərasimi ilə yekunlaşıb. 

 

 

 

Müəllif | Apa.Tv
Apa.tv