Ağdamda üç nəfər minaya düşüb, onlardan biri həlak olub
Ağdamda üç nəfər minaya düşüb.
APA TV-nin xəbərinə görə, Baş Prokurorluq və Daxili İşlər Nazirliyinin birgə məlumatında bildirilir ki, 2020-ci il dekabrın 13-də saat 17.00 radələrində Müdafiə Nazirliyinin N saylı hərbi hissəsinin bir hərbi qulluqçusu, Ağdam rayon sakinləri - 1984-cü il təvəllüdlü Əhmədov Toğrul Vilayət oğlu və 1990-cı il təvəllüdlü Məmmədov Elçin Qanboy oğlu işğaldan azad olunmuş Ağdam rayonunun Şahbulaq kəndinin ərazisində olarkən piyada əleyhinə minaya düşüb.
Nəticədə Elçin Məmmədov həlak olub, hərbi qulluqçu və Toğrul Əhmədov isə ağır dərəcəli bədən xəsarətləri alıblar.
Dərhal prokurorluq və polis əməkdaşları tərəfindən hadisə yerinə və meyitə baxış keçirilmiş, məhkəmə-tibb ekspertizaları təyin edilib, digər zəruri prosessual hərəkətlər yerinə yetirilib.
Faktla bağlı cinayət işi başlanılıb və istintaqın aparılması Baş Prokurorluğun İstintaq idarəsinə həvalə edilib.
Baş Prokurorluq və Daxili İşlər Nazirliyi bir daha əhaliyə xəbərdarlıq edərək, işğaldan azad olunmuş ərazilərdə təhlükənin mövcudluğunu nəzərə alıb müvafiq icazə olmadan, ərazilər minalardan və digər partlayıcı vasitələrdən tam təmizlənənədək həmin bölgələrə səfər etməmələrini xahiş edir.