Ağdamda Xocalı faciəsinin qurbanları yad edildi

Xocalı faciəsinin 28-ci ildönümü münasibətilə cəbhə bölgəsində yerləşən Ağdamda bir sıra tədbirlər keçirilib.

APA TV-nin yerli bürosunun məlumatına görə, rayon rəhbərliyi, ziyalılar və ictimaiyyət nümayəndələri rayon ərazisində məskunlaşan xocalıdan olan məcburi köçkünlərlə bir araya gəlib. 

Görüşdə Xocalı faciəsi zamanı şəhid olmuş soydaşlarımızın xatirəsi bir dəqiqəlik sükutla yad edilib.

Tədbirdə iştirak edən Xocalı faciəsinə şahidlik etmiş istər keçmiş döyüşçülər, istərsə də yaxınlarını, doğmalarını itirən xocalılar erməni silahlı qüvvələri tərəfindən törədilən qırğından söz açıblar.

Bildirilib ki, ermənilərin törədiyi soyqırıma xocalılarla yanaşı, ağdamlılar da şahid olub. Elə onların köməyinə ilk çatan da ağdamlılar olub.

Rayon ərazisində təşkil olunan “Xocalı həftəsi” çərçivəsində isə həftə boyu rəsm sərgiləri təşkil olunub, film və tamaşalar nümayiş olunub.

Bu gün isə Xocalı soyqırımının törədilməsində birbaşa günahkar olan Ermənistan dövlətinin və onun hazırkı rəhbərliyinin cəzalandırılması ilə bağlı beynəlxalq təşkilatların qətiyyətli mövqe ortaya qoymasının vacibliyi vurğulanıb. 

Müəllif | Apa.Tv
Apa.tv