Ağdamın cəbhə kəndlərində dezinfeksiya işləri aparılır - KORONAVİRUS TƏHLÜKƏSİ

Ağdamın cəbhə zonasında yerləşən kəndlərində koronavirusla bağlı ümumtəhsil müəssisələrində tibbi-proflaktik vəziyyətə nəzarət gücləndirilib. Bütün  təhsil ocaqları, uşaq bağçaları və idarə-müəssisə binalarında dezinfeksiya işləri aparılır.

 

APA TV-nin yerli bürosunun məlumatına görə, işlər rayon Gigiyena və Epidemiologiya şöbəsi tərəfindən tərtib edilən qrafik əsasında aparılır. 

 

Artıq rayon ərazisində fəaliyyət göstərən musiqi məktəblərində dezinfeksiya işləri başa çatıb, ümumtəhsil məktəblərində isə başa çatmaq üzrədir.

 

Təzəkənd kənd tam orta məktəbinin direktoru Soltan Abbasov deyir ki, aparılan işlər əhali arasında heç bir təşviş yaratmır: “Əvvəllər də gəlib məktəblərimizdə planlı şəkildə dezinfeksiya işləri aparılırdı. Yaranmış vəziyyətlə bağlı Çində, İranda, digər xarici ölkələrdə özünü göstərən koronavirusla bağlı dövlətin gördüyü tədbirlər planına uyğun olaraq bizim də məktəbimizdə dezinfeksiya işləri aparılır. Bu dezinfeksiya işlərinin aparılması, əhali arasında heç bir xof, vahimə yaratmır. Əksinə hər kəs ruh yüksəkliyi ilə qarşılayır ki, dövlətin diqqətində, nəzarətindədir ki, bu işlər aparılır”.

 

Gigiyena və Epidemiologiya şöbəsinin direktoru Rəhman Məmmədovun sözlərinə görə, tibbi-proflaktik, dezinfeksiyaedici və digər qabaqlayıcı tədbirlərin intensivləşdirilməsi məqsədilə yaradılan briqadaların sayı artırılıb: “Ağdam rayon Gigiyena və Epidemiologiya şöbəsi gücləndirilmiş iş rejimində çalışır. Şənbə və bazar günlərində də çalışırıq. Hazırda 59 ümumtəhsil məktəbindən 49-u, 22 uşaq bağçasından 20-i, 5 musiqi məktəbi, 2 kollec binası, 3 inzibati bina və 3 məscid dezinfeksiya olunub.

 

Proflaktik tədbirlər məktəblərlə yanaşı, insanların daha sıx toplaşdığı ərazilərdə, səhiyyə və mədəniyyət müəssisələrində, eyni zamanda məscidlərdə də həyata keçirilir.

Müəllif | Apa.Tv
Apa.tv