Ağdamın cəbhəyanı kəndlərində pambıq yığımına başlanıb

Bu ilki pambıq yığımı qoşunların qarşıdurma xəttində gedən döyüş əməliyyatları ucbatından xeyli gecikib. Amma bu kəndlini narahat etmir. Nə onların əkin sahələrinə düşən mərmi nə də sahələrdə qalan məhsulları... Təki vətən sağ olsun, təki Ordumuz işğal altında olan torpaqlarımızı azad etsin.

APA TV-nin yerli bürosunun xəbərinə görə, Ağdamın cəbhəyanı kəndlərində hazırda təsərrüfat sahibləri yığım işlərini həyata keçirirlər.

Təsərrüfat sahibi Şahmar Rzayev Ağdamın cəbhəyanı kəndlərinin ərazisində 50 hektara qədər pambıq əkib. Yüksək məhsul becərən fermer yığımı davam etdirir. Sahələrdən 45 sentnerdən yuxarı məhsul əldə olunacağını deyən Şahmar Rzayev bunun üçün bütün aqrotexniki qaydalara əməl də edib.

Rayon ərazisində fəaliyyət  göstərən pambıq qəbulu və emalı məntəqələri də düşmənin ağ qızıl tarlalarını ağır artilleriyadan atəşə tutmasına baxmayaraq kəndliyə məhsulunu toplamaqda kömək edir. Bütün xərclər isə həmin şirkətlər tərəfindən ödənilir.  

Hazırda ağ qızılın tarlalardan toplanmasına yeni başlanıb. Əgər Ermənistan silahlı qüvvələri mülki əhalini atəşə tutmaqdan əl çəksə soyuq havalar gəlmədən pambıq sahələrdən toplanacaq.

Müəllif | Apa.Tv
Apa.tv