Ağdaşda karantin qaydalarını pozanlar həbs edildi, 11 obyekt sahibi cərimələndi

Ağdaşda karantin qaydalarını pozan 2 nəfər həbs edilib, 11 obyekt sahibi cərimələnib.

APA TV-nin yerli bürosunun verdiyi məlumata görə, rayon ərazisində karantin rejimi ilə əlaqədar giriş-çıxışı məhdudlaşdırmaq üçün qurulan postlarda polis əməkdaşları tərəfindən vətəndaşlara karantin rejim qaydaları izah olunmasına, eləcə də dəfələrlə xəbərdarlıq edilməsinə baxmayaraq, polisin qanuni əmrinə tabe olmayaraq postu keçməyə cəhd göstərən 2 nəfər rayon sakini - Firdovsi Dostməmmədov və Toğrul Həsənov saxlanılıblar. Onların barəsində protokol tərtib olunub və baxılması üçün Ağdaş Rayon Məhkəməsinə göndərilib. Həmin şəxslər məhkəmənin qərarı ilə inzibati qaydada həbs olunublar.

Həmçinin karantin rejiminə əməl etməyərək fəaliyyət göstərən 8 kafe, 1 kompüter oyunları zalı və 2 geyim əşyaları satışı edən mağaza aşkar edilib. Həmin obyekt sahibləri barəsində də protokol tərtib olunub.

Polis əməkdaşları tərəfindən keçirilən digər bir tədbir nəticəsində sosial şəbəkələrdə koronavirus pandemiyası ilə bağlı heç bir dövlət qurumunun rəsmi məlumatlarına istinad etmədən, reallığı əks etdirməyən və cəmiyyətdə çaşqınlıq yarada biləcək yalan məlumatlar yayan Nurlan Rəhimli saxlanılıb. Onun barəsində də protokol tərtib olunaraq cərimə yazılıb.

Bu istiqamətdə tədbirlər karantin rejimi müddətində davam etdiriləcək.

Müəllif | Apa.Tv
Apa.tv