Agentlik sədri: “Ətraf mühiti çirkləndirə bilən radioaktiv mənbələr yox dərəcəsindədir”

“Azərbaycan nüvə və radiasiya təhlükəsizliyinin təmin olunması istiqamətində beynəlxalq təşkilatlarla əməkdaşlıq edir”.

 

APA TV-nin xəbərinə görə, bunu Fövqəladə Hallar Nazirliyinin Nüvə və Radioloji Fəaliyyətin Tənzimlənməsi üzrə Dövlət Agentliyinin rəisi Vüqar Hüseynov deyib. O bildirib ki, beynəlxalq əməkdaşlıq çərçivəsində ölkəmizin üzv olduğu Atom Enerjisi üzrə Beynəlxalq Agentlik ABŞ-ın Enerji Departamenti və digər aidiyyəti təşkilatlarla sıx əməkdaşlıq edilir: “Ölkə ərazisində radiasiya təhlükəsizliyinin təmin edilməsi üzrə layihələr həyata keçirilib. Bununla yanaşı, Avropa Birliyi ilə əməkdaşlıq, beynəlxalq sazişlər çərçivəsində Amerika Birləşmiş Ştatlarının energetika departamenti ilə də əməkdaşlıq, müəyyən layihələr həyata keçiririk”.

 

Vüqar Hüseynov həmçinin qeyd edib ki, hazırda ətraf mühiti çirkləndirə bilən radioaktiv mənbələr demək olar ki, yox dərəcəsindədir: “Sənaye sahələri, xüsusilə neft daşları, geoloji kəşfiyyat, sənaye radioqrafiyası, tibb və inşaat sahələri radiasiya texnologiyalarından daha çox istifadə olunan sahələrdir. Neft çıxarılan bəzi ərazilərdə neftlə birgə çıxarılan lay suyunun tərkibində radioaktiv maddələr müşahidə olunsa da, müasir texnologiyaları nəticəsində onların qarşısı alınır".

 

Nüvə və radioloji fəaliyyətə nəzarət şöbəsinin müdiri İlham Sadıqov isə ionlaşdırıcı şüalanma mənbələrinin istifadəsi, nəql edilməsi və saxlanması ilə məşğul olan müəssisə və təşkilatlarda radiasiya təhlükəsizliyi ilə bağlı normativ hüquqi aktların tələblərinə əməl  olunub-olunmadığının yoxlanıldığını bildirib. Onun sözlərinə görə, yoxlamalar zamanı agentlik tərəfindən yerlərdə radioloji müayinələr də aparılır: “Radioloji müayinələrin aparılması üçün müxtəlif radiometrik cihazlardan istifadə olunur. Bu cihazlar dozimetrlər, radiometrlər və spektrometrlərdir. Əsasən bu 3 növ cihazdır. Bundan əlavə, axtarış cihazları da var. Burada onlardan ikisi nümayiş etdirilir.  Bu böyük çanta gördüyünüz kimi, onun çox güclü detektorları var və geniş ərazilərdə radioaktiv mənbələrin aşkar edilməsi üçün bizə imkan yaradır”.

 

Agentlik bundan sonra da nəzarət və yoxlama tədbirlərini müvafiq qaydada davam etdirəcək.

 

Xələf Xələfov,

Üzeyir Ağayev,

APA TV

 

 

Müəllif | Apa.Tv
Apa.tv