Agentlik sədri: “Kağız əmək müqavilələri mərhələli şəkildə ləğv ediləcək”
“Mərhələli şəkildə kağız əmək müqavilələri ləğv ediləcək, eyni zamanda əmək kitabçalarının dövriyyədən çıxarılması həyata keçiriləcək”.
APA TV-nin xəbərinə görə, bunu Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyindəki Dövlət Məşğulluq Agentliyinin sədri Mustafa Abbasbəyli “Rəqəmsal məşğulluğa keçid və aktiv məşğulluq tədbirləri: 2021-ci il üçün hədəflər” mövzusunda keçirdiyi mətbuat konfransında bildirib.
Mustafa Abbasbəylinin sözlərinə görə, bu sistem ölkənin həm əmək qanunvericiliyinin, həm məşğulluq siyasətinin, eyni zamanda kitab inzibatçılığının böyük ölçüdə elektronlaşdırılmasına gətirib çıxaracaq. Bundan əlavə, ezamiyyə vərəqələrini, kağız üzərində əmirləri, ştat cədvəllərini, digər kağız daşıyıcılarını ləğv edərək elektron müstəviyə çəkmək nəzərdə tutulur.
Yaxın günlərdə sosial kartların da ləğv olunacağını deyən qurum rəsmisi onu da əlavə edib ki, bunun üçün 30-a qədər normativ hüquqi aktda dəyişiklik edilməsi zərurəti var.
Şəxsiyyət vəsiqəsinin üzərindəki FİN nömrələr sosial kartların nömrələri ilə artıq uyğunlaşdırılıb. Yəni sosial sığorta nömrəsi yenə qalacaq, lakin karta ehtiyac olmayacaq.
Agentlik sədri son bir ildə Dövlət məşğulluq xidmətlərində aparılan işlərdən də danışıb: “Möhtəşəm zəfərimizlə başa çatan Vətən Müharibəsinin şəhidlərinin ailələrinin, qazilərimizin aktiv məşğulluq proqramları çərçivəsində də sosial dəstəklə təmin olunduqları vurğulanıb. Həmin kateqoriyalardan olan 2000 şəxsin məşğulluq proqramlarına cəlb edildiyi bildirilib. Qeyd olunub ki, onlardan 1700-dən çox şəxs özünüməşğulluq proqramına, 254 nəfər haqqı ödənilən ictimai işlərə, 35 nəfər əməkhaqqının birgə maliyyələşməsi proqramına cəlb olunub. 2021-ci ildə 16 min şəxs özünüməşğulluq proqramına cəlb ediləcək. Proqramın genişləndirilməsi işlərində Dünya Bankı, Heydər Əliyev Fondunun Regional İnkişaf İctimai Birliyi, kommersiya bankları, BMT-nin İnkişaf proqramı ilə əməkdaşlığı davam etdirəcəyik”.
2021-ci ildə İSO standartlarına uyğun 3 min mütəxəssis hazırlığının nəzərdə tutulduğunu deyən Mustafa Abbasbəyli onu da əlavə edib ki, 2020-ci ildə pandemiya ilə bağlı yaradılmış Məşğulluq və sosial rifaha dəstək işçi qrupu tərəfindən pandemiya ilə əlaqədar dövlət sektorunda işə çıxmayan 9 min şəxsin, özəl sektorda 650 min şəxsin iş yerlərinin saxlanılması təmin olunub. Eyni zamanda keçən il 150 min yeni əmək müqaviləsi bağlanıb və muzdlu işçilərin sayı 1 milyon 700 min nəfərə çatıb.
Agentlik sədri onu da bildirib ki, 2021-ci ildə aktiv məşğulluq tədbirləri böyük ölçüdə işğaldan azad edilmiş bölgələrə hədəflənəcək. Gəncə, Bərdə və Tərtərdə erməni terrorundan əziyyət çəkmiş 500-ə yaxın şəxsi özünüməşğulluq proqramına cəlb edilib. Vətən müharibəsi şəhidlərinin ailələri, qazilər aktiv məşğulluq proqramları çərçivəsində sosial dəstəklə təmin olunub. Həmin kateqoriyalardan olan 2000 şəxs isə, məşğulluq proqramlarına cəlb edilib.
İlahə Vəliyeva,
Əli Ələkbər,
APA TV