Ağır xəstələrin Xankəndidən Ermənistana aparılmasına şərait yaradılıb
Dekabrın 12-dən başlayan Rusiya sülhməramlılarının müvəqqəti nəzarətində olan ərazilərimizdəki Qızılbulaq qızıl və Dəmirli mis-molibden yataqlarının qanunsuz istismarına etiraz olaraq eko-fəallar, könüllülər və QHT təmsilçilərinin Laçın – Xankəndi yolundakı aksiyası davam edir. Günə Azərbaycan Respublikasının Dövlət Himni başlayan aksiya iştirakçıları gecə saatlarınadək müxtəlif şüarlar səsləndirirlər.
Hətta havanın şaxtalı keçməsinə baxmayaraq, aksiyalar gecə saatlarında belə davam edir.
APA-nın Şuşaya ezam olunmuş müxbirinin verdiyi məlumata görə, gün ərazində Beynəlxalq Qızıl Xaç Komitəsinin müraciəti əsasında təşkilata məxsus 3 ədəd “Toyota Land Cruiser” markalı avtomobil aksiya yerindən keçərək Xankəndidən Laçına doğru hərəkət edib. Avtomobillərdən birində Ermənistana təxliyə edilən 3 nəfər erməni millətli ağır xəstə olub. Aksiya iştirakçıları yoldan çəkilərək avtomobillərin keçidi üçün dəhliz açıb. Həmin karvan Ermənistandan Xankəndinə qayıdaraq baqaj hissəsində Xankəndi xəstəxanası üçün dərman və tibbi ləvazimatlar daşıyıb. Rusiya sülhməramlı kontingentinə məxsus 40-a dək avtomobil Laçın-Xankəndi yolundan keçib. Azərbaycan dövləti və aksiya iştirakçıları bununla dinc erməni əhali ilə heç bir problemləri olmadığını bir daha nümayiş etdirib.
Xatırladaq ki, Beynəlxalq Qırmızı Xaç Komitəsindən Xankəndi xəstəxanasından ağır xəstələrin Ermənistana təxliyə olunmasına şərait yaradılması ilə bağlı müraciət daxil olub və Azərbaycan müraciətə müsbət cavab verib, xəstələrin Xankəndidən Ermənistana aparılmasına şərait yaradılıb.