Ağoğlan monastırı: 185 illik həsrətin sonu - REPORTAJ

Qubadlının xarabalığa dönmüş kəndlərini, qəsəbələrini geridə qoyub Həkərinin gümüşü sularının gəldiyi yerə - dağlara qalxırıq. Yolumuz uzundur. Laçın rayonunun Ağoğlan kəndindəki eyni adlı qədim alban məbədini ziyarətə gedirik.  

 

Qəbələ rayonu Nic kəndinin Alban-udi icmasının nümayəndələri də bizimlədir. Uzun işğal illərindən sonra bu müqəddəs məkanı ziyarət etməyə, burada ayin keçirməyə, dualar oxumağa gəliblər. Bir qədər sonra, icmanın sədr müavini Rafik Danakarinin deyəcəyi kimi, səfər olduqca böyük əhəmiyyət daşıyır. Çünki 185 ildən, yəni Alban Həvari Kilsəsi 1836-cı ildə imperator I Nikolayın fərmanına əsasən ləğv edilib erməni-qriqoryan kilsəsinin idarəçiliyinə verildikdən sonra qədim albanların varisləri ilk dəfə bu doğma kilsəni ziyarət etmək şansı qazanıblar. Odur ki, həyəcan-həyəcana qarışıb.

 

Maşınımız Rusiya sülhməramlılarının qərar tutduğu postda dayanır. Burada bizdən qabaq gözləyən maşınlara qoşulub karvan şəklində Laçın dəhlizindən keçib gedəcəyik. Dəhliz boyu bizi Rusiya sülhməramlılarının xüsusi avtomobili müşayiət edəcək.

 

Və budur, karvan tərpənir. Həyəcanlı anlar başlayır. Dəhlizə giririk. Çəkiliş aparmağa icazə olmasa da, biz yenə də cəhd edirik.

 

Sonuncu postu da geridə qoyub, necə deyərlər, o üzə adlayırıq. Daha gedəcəyimiz məntəqəyə bir şey qalmayıb.

 

Bu da Ağoğlan monastırı... Bu qədim alban məbədi Ağoğlan kəndində, təpənin üzərində qərar tutub. Yaxınlıqdakı dərədənsə Həkərinin qollarından biri Ağoğlan çayı keçir. Yuxarı axarında Minkənd, aşağı axarında Zabux adlanan çay Laçın şəhərinin cənubunda Həkəriyə qovuşur.

 

Ağoğlan məbədi dağların əhatəsində o qədər əzəmətli görünür ki, sanki dağlardan güc alıb, min illiyi ötən yaşı sayəsində, əsrlər boyu bu dağlara baxa-baxa onlarla qoşalaşıb, qardaşlaşıb, dağlaşıb.

 

Təxminən 15 əsr yaşı olan abidə ermənilər üçün də əhəmiyyət kəsb edir. Baxmayaraq ki, kəndə gələn yollar gediş-gəliş üçün çətindir və işğaldan sonra ermənilər bu yerlərdə kütləvi məskən salmayıblar, bununla belə, işğal illərində bu qədim tikilidə təmir işləri aparıb, əslində isə bu abidənin erməni kilsəsinə aid olmağını sübut etmək məqsədilə üzərində dəyişikliklər ediblər.

 

İcma nümayəndələri kilsəyə daxil olub ayinə başlayırlar. Müqəddəs kitabdan parçalar oxunur, Allaha dualar edilir, şamlar yandırılır. Uzun əsrlərin intizarından sonra kilsənin mehrabı yenidən öz həqiqi sahiblərinin yandırdıqları şamların nuruna qərq olur.

 

Ağoğlan məbədinin yaranması haqqında xalq arasında müxtəlif əfsanələr dolaşır.

 

Ağoğlan məbədi Sovet dövründə məbəd kimi istifadə olunmasa da, yerli əhali bura həmişə inanc yeri kimi baxıb, ziyarətə gəlib, niyyət edib, nəzir qoyub. Ümumiyyətlə, Qarabağdakı alban məbədlərinin əksəriyyəti sonradan əhalinin İslamı qəbul etməsi ilə xristianlıq abidəsi kimi özünün funksionallığını itirsə də, inanc yeri, pir, ocaq kimi həmişə qalıb, əfsanələşərək, rəvayətləşərək tarixlərin sınağından çıxıb, xalqın and yeri kimi özünün varlığını qoruyub.

 

Məbədin fasadındakı təhriflərlə (divarlara çoxlu erməni xaçları qazılıb) yanaşı, içində də sütunların bir hissəsinin daşları yenidən işlənib, çıxarılıb, təzələri qoyulub. Mehrabın yaxınlığında, sol nefin sütunlardan birində kəsik izləri aşkar görünür.

 

Mehrabın yan divarlarında da abidəyə xələl gətirildiyini söyləmək olar. Orada divardakı xaçların bir hissəsi qaşınaraq təmizlənib. Alban xaçları öz görkəmi ilə erməni xaçlarından fərqləndiyi üçün görünür, divar bu xaçları təmizləmək məqsədilə qaşınıb, özü də xaçvari formada. Söyləmək çətindir, bu dəyişikliklərin hamısı 1992-ci ildə Laçının ermənilərin işğalından sonra baş verib, yoxsa daha əvvəl. Çünki XIX əsrdə bura yaxınlıqdakı Zeyvə kəndinin erməni sakinləri tərəfindən istifadə edilib. Bəlkə də ilkin dəyişikliklər hələ XIX əsrdə başlayıb?

 

Monastıra ziyarətimiz yekunlaşır. Geri qayıtmağa hazırlaşırıq. Yola düşməmişdən qabaq isə Ağoğlan çayına enirik. Bu müqəddəs sulardan qablara doldurub 28 ildir qəlblərində qövr edən həsrətə su səpmək üçün hələ bura gəlib çıxa bilməmiş laçınlılara sovqat kimi aparanlar da var, mənim kimi əl-üzünə su çəkib durulanlar da...

 

Ağoğlan çayının suları bəxtəvərcəsinə gurlayır. Damcılar gövhər kimi parlayır. Könlümüzü oxşayan şirin şırıltısı isə xoş xəbər kimi yayılıb dağları da muştuluqlayır. Bu, çay dilində “evinizə xoş gəlmisiz” deməkdir.

 

Mirmehdi Ağaoğlu,

Üzeyir Ağayev,

İlkin Nəbiyev,

APA TV

Müəllif | Apa.Tv
Apa.tv