Ağstafa sakini əmisini niyə güllələyib? - TƏFƏRRÜAT
Ağstafada silahlı insident olub. APA TV-nin yerli bürosunun məlumatına görə, hadisə rayonun Köçəsgər kəndinə qeydə alınıb.
Kənd sakinləri - 1968-ci il təvəllüdlü Qabil Məmmədov və 1959-cu il təvəllüdlü Yufis Ələcov güllə yarası ilə xəstəxanaya yerləşdirilib. Yaralılar dərhal Ağstafa Rayon Mərkəzi Xəstəxanasına, oradan isə Qazax rayon Müalicə Diaqnostika Mərkəzinə aparılıb. Xəstəxanadan APA TV-yə yaralıların vəziyyətinin normal olduğu və həyati təhlükələrinin olmadığı bildirilib. Qeyd olunub ki, hər iki yaralıya odlu silahdan açılan güllənin qırmaları kürək nahiyəsindən dəyib.
Araşdırma zamanı müəyyən olunub ki, hadisəni Qabil Məmmədovun qardaşı oğlu, 30 yaşlı Sərxan Məmmədov törədib. Polisin keçirdiyi əməliyyat-axtarış tədbirləri nəticəsində hadisəni törədən şəxs silahla birlikdə saxlanılıb. Sərxan Məmmədov ilkin dindirmə zamanı cinayəti törətdiyini etiraf edib. Hadisə bir neçə il əvvəl torpaq üstündə mübahisədən qaynaqlanıb. Kənd sakinlərinin sözlərinə görə, həmin məsələdən sonra qohumlar arasında həmişə mübahisə olub. Son insidentdən bir neçə gün qabaq da kənddə keçirilən toy məclisində qohumlar arasında yenidən dava düşüb. Sərxan həmin söhbətə aydınlıq gətirmək üçün əmisi ilə mübahisə edib. Mübahisədən sonra Sərxan Məmmədov özü ilə gətirdiyi odlu silahdan əmisi Qalib Məmmədova atəş açıb. Bu zaman Qalib Məmmədovun yaxını Yufis Ələcov da güllə yarası alıb.
Baş Prokurorluğun mətbuat xidmətinin böyük prokuroru Kənan Zeynalov APA TV-yə bildirib ki, faktla bağlı Ağstafa rayon prokurorluğunda cinayət işi başlanılıb, müvafiq ekspertizalar təyin edilib. Hazırda təqsirli şəxslərin dairəsinin tam müəyyənləşdirilərək istintaqa cəlb edilməsi, eləcə də iş üzrə əhəmiyyət kəsb edən sübutların əldə edilməsi istiqamətində zəruri və təxirəsalınmaz istintaq hərəkətləri və əməliyyat-axtarış tədbirləri davam etdirilir.