Ağstafa sakini külli miqdarda heroinlə yaxalandı

Ağstafada narkotik vasitələrin qanunsuz dövriyyəsinin qarşısı alınıb.

 

APA TV-nin yerli bürosunun xəbərinə görə, rayon Polis Şöbəsi, Dövlət Sərhəd Xidmətinin Şəmkir Sərhəd Dəstəsi və Böyük Kəsik Sərhəd Nəzarət Şöbəsinin əməkdaşlarının birgə keçirdiyi əməliyyat zamanı Sadıqlı kənd sakini Seymur Namazovdan külli miqdarda “heroin” götürülüb.

 

Müəyyən edilib ki, Seymur Namazov Ağstafa-Sadıqlı yolunun kənarından əldə etdiyi narkotik vasitəni bacısına məxsus yarımtikilidə gizlədib: “Seymur Namazovun bacısına məxsus rayonun Sadıqlı kəndindəki yarımtikiliyə baxış keçirilən zaman oradan, 1 ədəd sellofan torbada 6 ədəd litrlik plastik butulkada, ümumi çəkisi 6 kq 205 qram narkotik vasitə olan “heroin” aşkar edilərək götürülüb”.

 

Saxlanılan şəxs ifadəsində narkotik vasitəni Gürcüstanda yaşayan Mahir adlı şəxsə göndərməli olduğunu bildirib. Bunun müqabilində ondan 6000 manat aldığını da etiraf edib: “Dedi belə bir sumka gələcək Sadıqlıdan-Ağstafaya. Gələnin üzərində 6 dənə butulka olacaq. Onu götürüb bu tərəfə atacaqsan. Sənə də 6 min manat pul verəcəm”.

 

Hazırda Seymur Namazovla cinayət əlaqəsinə girən şəxslərin kimliyinin müəyyən edilməsi istiqamətində tədbirlər davam etdirilir.

 

Fuad Nazimoğlu

Mehdi Məmmədov

APA TV

 

Müəllif | Apa.Tv
Apa.tv