Ağstafada karantin rejimini pozan obyektlər aşkarlanıb
Ağstafa Rayon Polis Şöbəsinin əməkdaşları fəaliyyətinə icazə verilən obyektlərdə, əhalinin sıx olduğu yerlərdə nəzarət-profilaktiki tədbirləri davam etdirir.
APA TV-nin qərb bürosunun xəbərinə görə, keçirilən reyd zamanı koronavirus infeksiyasının kütləvi yayılmasının qarşısının alınması məqsədilə tənəffüs yollarını qoruyan fərdi qoruyucu vasitələrdən istifadə etməyən şəxslərə mövcud sanitar-epidemioloji tələblər izah olunub.
Yoxlamalar zamanı xüsusi karantin rejiminin tələblərinə zidd olaraq bəzi ticarət obyektlərinin müştərilərə yerində xidmət göstərdiyi aşkarlanıb.
Xüsusən inşaat materiallarının satışı ilə məşğul olan bir neçə obyektdə bu kimi faktlara rast gəlinib. Aşkarlanan hüquqazidd əməllərin qarşısı alınaraq, qanunvericiliyə uyğun tədbirlər görülüb.
Bundan başqa, polis əməkdaşları bankların və bankomatların qarşısında dayanan vətəndaşlara növbə zamanı sosial məsafənin gözlənilməsini mütəmadi olaraq təmin edirlər.
Rayon Polis Şöbəsinin Dövlət Yol Polis Bölməsi də dayanacaqlarda, sərnişindaşıma ilə məşğul olan nəqliyyat vasitələrində sakinlərlə maarifləndirici söhbətlər aparıb, xüsusi karantin rejiminin qaydalarına riayət etməyə çağırıblar.
Edilən xəbərdarlıqlara baxmayaraq, tibbi maskadan istifadə etməyən şəxslərə, sərnişindaşıma ilə məşğul sürücülərə İnzibati Xətalar Məcəlləsinin müvafiq maddəsi ilə protokol tərtib edilib və onlar cərimələniblər.
DİN mətbuat xidmətinin əməkdaşı Eşqin Qasımovun sözlərinə görə, keçirilən tədbirlər zamanı müştərilərə yerində xidmət göstərən bir neçə obyekt aşkarlanıb. Polis əməkdaşları həmin obyektin fəaliyyətini dayandırdı və sahibləri ilə izahedici və profilaktik söhbətlər aparıb. Barələrində qanunamüvafiq tədbirlər görülüb”.
Ümumilikdə gün ərzində sərnişin daşıma qaydalarını pozan, tibbi maskadan istifadə etməyən, eləcə də qanunsuz fəaliyyət göstərən 10-a yaxın şəxs barəsində qanuna müvafiq qaydada tədbiri görülüb.