Ağstafada neolit dövrünə aid yeni yaşayış məskəni tapıldı

Ağstafada neolit dövrünə aid yeni yaşayış məskəni və maddi mədəniyyət nümunələri aşkarlanıb.

APA TV-nin yerli bürosunun məlumatına görə, 1 hektar ərazinin 200 kvadratmetrlik hissəsində aşkar edilən yaşayış yeri rayonun Xətai kəndinin ərazisindədir.

Milli Elmlər Akademiyası Arxeologiya və Etnoqrafiya İnstitutunun ekspedisiyası ərazidə qazıntı işləri aparan zaman burada 8 min il bundan əvvəl yaşayışın mövcud olduğunu, Neolit dövrünün ən qədim mərhələsinin izlərinə rast gəliblər.

AMEA-nın ekspedisiya rəhbəri Nəcəf Müseyiblinin sözlərinə görə, çağrı təpə adlanan bu ərazidən tapılan əşyalar sübut edir ki, ərazinin qədim sakinləri buranın təbii sərvətləri və çay ətrafı olduğuna görə burada kompakt yaşayıblar: “Həm sovet dövründə həm də sonrakı illərdə aparılan araşdırmalar zamanı ərazinin bütövlükdə  qərb bölgəsində neolit dövrü məskunlaşması problemləri tədqiq edilir. Son araşdırmalar zamanı aşkar edilmiş daş məmulatları və digər bütün qalıqlar, eləcə də aparılan qazıntıların nəticəsində edilən analizlər onu göstərir ki, bu ərazidə neolit dövrü insanları məskunlaşıb və neolitin ən qədim mərhələsinin izlərini aşkara çıxara bilirik.

Hazırda ərazidə arxeoloji qazıntılar davam edir. Tapılan maddi mədəniyyət nümunələri analiz və dəqiq tədqiq edilməsi üçün Milli Elmlər Akademiyası Arxeologiya Və Etnoqrafiya İnstitutuna göndəriləcək.

Fuad Nazimoğlu

Mehdi Məmmədov

APA TV

Müəllif | Apa.Tv
Apa.tv