Ağstafada reyd keçirildi – NÖMRƏSİZ MAŞIN SÜRƏNLƏR CƏRİMƏLƏNDİ
Qəzaların qarşısını almaq, eləcə də yol hərəkəti qaydalarının pozulması hallarını vaxtında aşkarlamaq üçün respublika əhəmiyyətli yollarda xeyli sayda radarlar və müşahidə kameraları quraşdırılıb. Bakı-Qazax-Gürcüstan dövlət sərhədi avtomobil yolunda da bu cihazların sayı kifayət qədərdir. Məlumdur ki, radarlar qaydalara əməl etməyən sürücüləri avtomobilin dövlət nömrə nişanı ilə müəyyən edir.
APA TV-nin yerli bürosunun xəbərinə görə, ancaq Ağstafadan olan bəzi sürücülər qayda pozuntularını gizlətmək üçün maşını nömrəsiz idarə edirlər.
Ağstafa Rayon Polis Şöbəsi Dövlət Yol Polisi bölməsi əməkdaşlarının keçirdikləri reyd zamanı bəzi sürücülər nömrə nişanının yerinin yararsız hala düşdüyünü, bəziləri avtomobili təcili təmirə apardığını, bir çoxları isə nömrəni yerinə bağlamağı unutduğunu bəhanə gətirərək məsuliyyətdən yaxa qurtarmağa çalışıb.
Nəzarət tədbiri zamanı bir çox sürücülərin nəqliyyat vasitəsini dövlət nömrə nişanı olmadan idarə etməsinin əsl səbəbi üzə çıxıb. Sükan sahibləri etiraf ediblər ki, ya avtomobili texniki baxışdan keçirmədiklərindən, ya da sığorta müddəti başa çatdığından bu üsula əl atıblar.
Yoxlamalar zamanı nəqliyyat vasitəsinin konstruksiyasına dəyişiklik edən, eləcə də sayrışan işıqlardan istifadə edən sürücülər də saxlanılıb. Onların avtomobilləri Dövlət Yol Polisinin müvəqqəti dayanacağına yerləşdirilib. Qaydaları pozan sükan sahibləri barəsində İnzibati Xətalar Məcəlləsinə uyğun olaraq tədbir görülüb.