Ağsudan Bakıya ambulansla sərnişin daşıyan sürücü işdən çıxarıldı

Ağsudan Bakıya ambulansla sərnişin daşıyan sürücü işdən azad olunub.

 

APA TV-nin yerli bürosunun xəbərinə görə, koronavirus infeksiyasının yayılmasının qarşısının alınması məqsədilə martın 29-dək rayon qeydiyyatı olan sürücü və sərnişinlərin Bakı şəhərinə daxil olması ilə bağlı qadağalara məhəl qoymayan Ağsu Rayon Mərkəzi Xəstəxanası təcili tibbi yardım stansiyasının sürücüsü Sadiq Səmədov idarə etdiyi 90 JM 977 dövlət nömrə nişanlı ambulansla paytaxta sərnişin daşıyan zaman saxlanılıb.

 

Bakı şəhərinin giriş hissəsində qurulan polis postunda saxlanılan ambulansa baxış keçirilən zaman orada həkim və tibb işçiləri olmayıb, yalnız mülki geyimdə olan sərnişinlər və onların əşyaları aşkar edilib. Sürücünün Ağsu rayonundan Bakıya ambulansla ödəniş əsasında sərnişin daşıdığı müəyyən edilib. Paytaxta rayon sakinlərinin girişinə icazə verilmədiyi bir vaxtda sürücüsü Sadiq Səmədov bu qadağanı bilərəkdən kobud şəkildə pozduğu üçün dərhal işdən azad olunub.

 

Faktla bağlı araşdırma aparılır.

 

Şahnəzər Bəşirov

Müəllif | Apa.Tv
Apa.tv