Aİ-nin Xüsusi Nümayəndəsi Qarabağda baş verən hadisələrdən danışdı
“İki gün öncə Brüsseldə Ermənistan Təhlükəsizlik Şurasının katibi Armen Qriqoryan və Azərbaycan Prezidentinin köməkçisi Hikmət Hacıyev arasında görüşün təşkilinə kömək etmişəm”.
Bunu Avropa İttifaqının (Aİ) Cənubi Qafqaz və Gürcüstan böhranı üzrə Xüsusi Nümayəndəsi Toivo Klaar APA-ya müsahibəsində bildirib
Onun sözlərinə görə, iştirakçılar Aİ və hər iki ölkə liderlərinin 2021-ci ilin dekabrında Brüsseldə keçirilmiş görüşündə əldə olunmuş anlaşmaların davamı olaraq regiondakı siyasi və təhlükəsizlik vəziyyəti və Ermənistanla Azərbaycan arasında bütün məsələlərin geniş spektrini nəzərdən keçiriblər. Toivo Klaar iştirakçıların növbəti həftələrdə yenidən görüşmək barədə razılığa gəldiyini də qeyd edib.
“Bu müzakirələrdə həmçinin Avropa İttifaqı Şurasının prezidenti Şarl Mişel, Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev və Ermənistan Respublikasının Baş naziri Nikol Paşinyan arasında 2022-ci il aprelin 6-da Brüsseldə keçiriləcək növbəti görüşə hazırlıqla bağlı müzakirələr aparıldı”, - deyə Aİ-nin Xüsusi Nümayəndəsi bildirib.
Toivo Klaar son günlər Qarabağda baş verən hadisələrdən narahatlığını da dilə gətirib. O, atəşkəs rejiminə hörmət edilməsinin vacibliyini vurğulayıb. “Aİ sabit və dinc mühitin təmin edilməsi məqsədilə birbaşa müzakirələrin aparılması və gərginliyin azaldılması üçün ən yüksək səviyyədə bu məsələ ilə məşğul olmağa davam edir”, - deyə Xüsusi Nümayəndə bildirib.