17:33 26 yanvar 2022 276
Ana səhifə Xəbərlər

Ailəli olan evdar xanımlar peşə təhsilinə böyük maraq göstərir

“Dərziliyə marağım var. Ailədə də bu işlə maraqlanan var. Mən də gəlib oxumaq istədim. Öyrənmək istədim. Ailəmə də maddi dəstək olmaq istədim.”

 

Pərvanə Zeynalova peşə təhsilinə maraq göstərən Ağdam sakinlərindən biridir. Həyat standartlarını yüksəltmək, ailəsinə dəstək olmaq üçün peşə təhsili alıb, sənət sahibi olmağı seçib. Ağdamda peşə təhsilinə maraq göstərən tək o deyil.

 

Bəli, artıq əvvəlki illərdə olduğu kimi peşə məktəblərinə, necə deyərlər yuxarıdan aşağı baxılmır. Əksinə ali təhsilli gənclər də ikinci ixtisas kimi peşə məktəblərində yeni sənətə sahib olmağı seçir.

 

- Hamımız oxumuşuq. Təhsilimiz var. Amma elə bir zamanda yaşayırıq ki, iş tapmaq çox çətindir. Amma ikinci peşə kimi hamıya lazımdır ki, evdə ən azından bir əl maşınıdır, tikib maddi dəstəkdə ola bilərlər.

 

Ağdamda peşə təhsilinə marağı artan isə təkcə gənclər deyil. Xüsusilə ailəli olan evdar xanımlar peşə təhsilinə böyük maraq göstərir.

 

-Elə qadınlarımız var ki, oxumayıb tez ailə qurub. Amma evdə özləri öyrənib tikib satır. Onunla balalarını saxlayır, çörək pulun qazanır.

 

 

-Ən çox maddi tərəfdən baxaq ona. Qadınlarımız istəyir ki, evə maddi gəlir gətirsinlər. ən çox evli qadınlar oxuyur. Ehtiyac böyüdükcə onlar fikirləşir ki, biz niyə bir sənət öyrənmədik. Ehtiyac meyarı onları gətirib çıxarır bura, dərziliyə... Keçən ilki məzunlarımızın çoxu işləyir.

 

Müsahiblərimiz deyir ki, onları peşə məktəbinə gətirən əsas amillərdən biri qısa müddətdə peşəyə yaxşıca yiyələnib gəlir əldə edə biləcəkləri bir iş sahibi olmaq arzusudur.

 

-Bu sənətə marağım əvvəldən var. Toxumuşam əvvəllər. İndi evdar qadınam. Toxumamışam bir müddət. İndi kənddə xalçaçılıq var.  İstəyirəm öyrənim gedim işləyim uşaqların gələcəyi üçün. Öyrənmək heç vaxt gec deyil.

 

-Ailəliyəm, evdə otururdum. İstəyirəm ki, yoldaşıma dəstək olum. Burda Quzanlıda, Ağdamda xalçaçılıq olduğu üçün öyrənim gedim orda işləyim uşaqların gələcəyi üçün. Yəni uşaqlar körpədir.

 

 

Peşə təhsilinə yiyələnən hər bir kəs gələcəkdə daha peşəkar mütəxəssis olmaq istəyirsə bir başa peşəsinə uyğun məktəb seçərək oxuya bilər. Ağdam Dövlət Peşə Təhsil Mərkəzinin direktor müavini Xanım Əliyeva  deyir bu, insanların peşəyə təhsilinə marağını artırır:“Peşə təhsilində yüksək texniki peşə ixtisaslarının yaradılması insanlar arasında, vətəndaşlarımız arasında peşə təhsilinə marağı daha da artırmışdır. Belə ki, əvvəllər subbakalavrlar yalnız orta ixtisas təhsilinə aid olunurdusa, yəni orta ixtisas müəssisələrində təhsilini bitirən subbakalavlar bir başa ali təhsil müəssisələrinə qəbul olmaq imkanı əldə edirdilərsə, son dövrlərdə, yəni, ötən ildən başlayaraq artıq peşə təhsili müəssisələrinə də aid oldu. Bu da insanlar arasında peşə təhsili müəssisələrinə marağı daha da artırdı.”   

 

Zamanından və məkanından asılı olmayaraq peşəsini yaxşı bilən sənətkara həmişə hər yerdə ehtiyac var. Odur ki, kamil bir palançı olsa da insan, yaxşıdır yarımçıq papaqçılıqdan.

 

 

Habil Aslanoğlu, Ziya İsmayılov, APA TV

 

 

 

Müəllif | Apa.Tv

Apa.tv

Kodu kopyalayın