Ailəsindən xəbərsiz müharibəyə yollandı - REPORTAJ
44 günlük zəfər dolu İkinci Qarabağ müharibəsində şəhidlik zirvəsinə ucalan qəhrəman oğullarımızdan biri də Göyçay rayonunun Şahsoltanlı kənd sakini Ülvi Valeh oğlu Ağayevdir.
APA TV-nin yerli bürosunun xəbərinə görə, o, Birinci Qarabağ müharibəsi illərində - 9 mart 1993-cü ildə dünyaya açıb. 2020-ci il sentyabrın 27-də başlayan Vətən Müharibəsində könüllü olaraq iştirak edib.
Qohumu Elnur Talıbovun sözlərinə görə, Ülvinin ana vətənə və doğma xalqına olan sevgisi onu haqq savaşında iştiraka aparıb çıxarıb. Müharibənin ilk günlərində döyüşçü kimi ön xəttə gedə bilməsə də, mülki şəxs kimi dostları ilə birlikdə əsgərlərimizə mənəvi dəstək üçün onların yanına yollanıb: “Polad Həşimov şəhid olduqdan sonra Ülvi Ağayev hərbi komissarlığa müraciət edib, hərbi səfərbərlik üçün öz adını yazdırmışdı. İkinci Qarabağ müharibəsi başladıqdan sonra dəfələrlə hərbi komissarlığa müraciət edib, onu da könüllü olaraq müharibəyə aparmağı xahiş etmişdi. Ordan Ülviyə demişdilər ki, sən narahat olma, vaxtın çatanda sənə də çağırış vərəqəsi veriləcək və müharibədə iştirak edəcəksən. Elə oldu ki, Ülvi öz həmkəndlilərini komissarlıqdan yola salmağa gələrkən ordan dedilər ki, bir nəfər könüllü lazımdır bizə. Ülvi irəli addımlayaraq avtobusa mindi və hərbi hissəyə yola salındı. Bizdən təkidlə xahiş etdi ki, mən hərbi hissəyə çatana qədər atamın və yaxın qohumlarımın xəbəri olmasın. Biz də onun istəyini yerə salmadıq, hərbi hissəyə çatdıqdan sonra gəlib dayıma Ülvinin müharibəyə getdiyini dedik”.
Bacısı Fidan Kərimovanın sözlərinə görə, sentyabrın 30-da Ülvi ordu sıralarına daxil olaraq, döyüş əməliyyatlarında iştirak edir: "Mənə bir də hərbi hissəyə çatanda zəng vurdu ki, bacı, özündən muğayat ol, mən getdim. Dedim, bəs niyə demədin, axı biz tək idik, səndən başqa heç kimimiz yox idi. Dedi, səni qorumağa gedirəm, Vətəni qorumağa gedirəm, özündən muğayat ol, hər şey yaxşı olacaq. 20 gün döyüşdə oldu, şərəfli döyüş yolu keçdi. Oktyabrın 19-dan 20-nə keçən gecə şəhidlik zirvəsinə ucaldı".
Bibisi Firuzə Səfərova Ülvi ilə fəxr etdiyini deyir: "Ülvi bizimlə fəxr edirdi, deyirdi 6 bibim var, mən onlarla fəxr edirəm. Biz də bu gün Ülvinin zirvələrə qalxmağı ilə fəxr edirik. Halbuki özü həyatda yoxdur, amma adı göylərdə və zirvələrdədir. Vətənimiz sağ olsun, xalqımız sağ olsun, prezidentimiz sağ olsun. Allah atasına səbr versin. Düzdür, atası tək qaldı, amma özü zirvələrə qalxdı.
Ülvi çox igid, mərd, qəhrəman övlad idi. O, həmişə gələrdi mənimlə dərdini bölüşərdi. Onun barəsində danışmaq çox çətindir. Bu gün aramızda yoxdur, amma o yaşayır, onunla biz fəxr edirik".
Bir neçə il əvvəl anasını və qardaşını itirən qəhrəmanımız elə doğulduğu kənddə dəfn olunub. Əsgər Ülvi Ağayev ölümündən sonra "Vətən uğrunda" medalı ilə təltif olunub. Şahsoltanlı kəndində onun adına bulaq tikilib.
Şahnəzər Bəşirov,
APA TV