Ailəsini xilas etdi, özünün üstünə dam uçdu - AĞDAMDA
Ağdamda fərdi yaşayış evi yanıb.
APA TV-nin Qarabağ bürosunun məlumatına görə, hadisə rayonun Mahrızlı kəndində qeydə alınıb.
Arif Məmmədova məxsus evin bütün əşyaları yanıb. Ailə üzvlərinin sağ qalmasına səbəb isə 17 yaşlı Rauf Məmmədovun ayıq-sayıqlığıdır: “Gecə saat 1 olardı, səs gəlirdi. Çıxdım çölə baxdım ki, ev yanır. Hamını oyatdım. Bacımı çıxardım. Dam yanıb töküldü üstümə, çıxa bilmədim. Keçdim arxa otağa əmim oğlu çöldən pəncərəni sındırıb məni çıxardı”.
“Gecə 11 olardı, yatdıq. Saat 1-də oğlum məni qaldırdı ki, ata, ev yanır. Qızımın ayağı, oğlumun əli yanıb. Bacım, yoldaşım komadadır, özümün kürəyində yanıq yeri var. Uşaqları, bacımı qucağıma alıb çıxardanda kürəyimə yanan lambrin töküldü”.
“Hər şey yanıb, əynimdəki paltarlar qonşundur, bircə şalvarla çıxmışam. Uşaqları çıxardım, ev yandı. Şükür ki, xəstə anam evdə olmayıb, yoxsa yanıb ölərdi. Qızımın bütün cehizi yandı”.
17 yaşlı Məmmədova Arzu, 40 yaşlı Məmmədova Səkinə, 44 yaşlı Məmmədova Aygün və 17 yaşlı Məmmədov Rauf tüstüdən zəhərlənmə diaqnozu ilə Ağdam Mərkəzi Rayon Xəstəxanasına yerləşdirilib. Bakıdan qardaşı evinə qonaq gələn Aygün Məmmədovanın vəziyyəti ağırdır.
Onun beyin hüceyrələri pozulub və beyninə qansızma baş verib.
Hadisə yerinə Fövqəladə Hallar Nazirliyinin (FHN) yanğından mühafizə bölməsinin əməkdaşları alovun qonşu evlərə, yaxınlıqdakı tikililərə keçməsinin qarşısını alıb.
Yanğının səbəbləri araşdırılır.