Akademik Adilə Namazova vəfat edib
Azərbaycan tibb elminə ağır itki üz verib.
APA TV-nin məlumatına görə, bu barədə Azərbaycan Tibb Universitetinin mətbuat xidmətinin rəhbəri Günel Aslanova məlumat verib.
Qeyd edilib ki, dekabrın 16-da Azərbaycanın görkəmli alimi, tanınmış pediatr, Tibb elmləri doktoru, professor, akademik Adilə Namazova ömrünün 94-cü ilində dünyasını dəyişib.
Azərbaycanın ilk qadın pediatr alimi Adilə Namazova 1926-cı ildə Ağdam rayonunda anadan olub. 1949-cu ildə Azərbaycan Dövlət Tibb İnstitutunu bitirib. Əmək fəaliyyətinə Ağdam Rayon Mərkəzi Xəstəxanasında başlayıb.
Moskva şəhərində Mərkəzi Həkimləri Təkmilləşdirmə İnstitutunda, pediatriya elminin dünya şöhrətli patriarxı akademik G.N.Speranskinin Uşaq xəstəlikləri kafedrasında aspirantura təhsilini alıb.
1965-ci ildən ATU-nun I uşaq xəstəlikləri kafedrasının müdiri vəzifəsində olub. Elə həmin il tibb elmləri doktoru dərəcəsi alıb. 1971-ci ildə SSRİ Tibb Elmləri Akademiyasının müxbir üzvü seçilib və belə yüksək elmi ada layiq görülən ilk azərbaycanlı qadın alim olub.
Adilə Namazova 1982-ci ildə Azərbaycan SSR Dövlət Mükafatına layiq görülüb. 1976-cı ildən Azərbaycan Pediatrlar Cəmiyyətinin sədri olub. Azərbaycan Prezidenti yanında Ali Attestasiya Komissiyasının rəyasət heyətinin üzvü, Türkdilli Ölkələrin Pediatrlar Cəmiyyətinin vitse-prezidenti, Rusiya Tibb Elmləri Akademiyasının və Rusiya Elmlər Akademiyasının üzvü, SSRİ Ali Sovetinin deputatı olub. 300 elmi əsərin, 8 monoqrafiya və dərsliyin, 5 ixtiranın müəllifidir.
Adilə Namazova “Şöhrət” və “Şərəf” ordenləri ilə təltif olunub.
Allah rəhmət eləsin!