Ali təhsil müəssisələrində nələr dəyişdi? - YENİ QAYDALAR

“Nazirlər Kabinetinin ali təhsil müəssisələrində tədrisin təşkil olunması  qaydalarına etdiyi dəyişikliyə əsasən, pandemiya başlayanda əvvəl distant təhsilə, sonra yalnız praktiki məşğələlərin keçirilməsinə icazə verilirdisə, bundan sonra bütün dərslərin ənənəvi tədrisə keçməsi nəzərdə tutulur”.

 

APA TV-nin xəbərinə görə, bunu Təhsil Nazirliyinin Elm, ali və orta ixtisas təhsili şöbəsinin müdiri Nicat Məmmədli deyib. Onun sözlərinə görə, yeni dəyişikliklərdə artıq kitabxanalar, akt zalları, hovuzlar pandemiya rejiminin qaydalarına uyğun olaraq açılacaq: “Burada müəyyən məhdudiyyətlər nəzərdə tutulub. Bu, ondan ibarətdir ki, ali təhsil müəssisələrində otaqlarının yalnız 70 faizindən istifadə edə bilirik. Əgər 100 nəfərlik auditoriya varsa, həmin auditoriyada 100 nəfərin oturması mümkün olmayacaq. Bu halda ali təhsil müəssisələrinin özlərinə səlahiyyət verilir ki, onlar təhsili alternativ qaydada təşkil edə bilsinlər. Burada söhbət tədrisin növbəli şəkildə təşkilindən, müəyyən istisna hallarda, heç cür mümkün olmazsa, distant təhsildən gedir”.

 

Nazirlik rəsmisi onu da bildirib ki, bufetlərin masalararası məsafənin, eyni zamanda sanitar-epidemioloji vəziyyətin ciddi nəzarət altında olması şərti ilə açılmasına icazə verilib.

 

Nicat Məmmədli bildirib ki, əgər universitetlərdə müəyyən qruplarda koronavirusa kütləvi yoluxma halı olacaqsa, o zaman həmin qruplarda dərslərin dayandırılması ilə bağlı təhsil müəssisəsi özü qərar verəcək. Onun sözlərinə görə, eyni zamanda şənbə gününə dərslərin salınması da ali təhsil müəssisəsinin öz ixtiyarına buraxılır: “Təhsil müəssisəsi istədiyi halda şənbə günləri də tədrisin keçirilməsini nəzərdə tuta bilər. Şənbə günləri ictimai nəqliyyatın işləməməsi aktual məsələdir. Sözsüz ki, bununla bağlı müvafiq orqanlar artıq qərar verməli olacaqlar. Bundan başqa dərslərin fasiləsiz olduqda 80 dəqiqə, əks halda 45 dəqiqə olması universitetlər qərar verəcək. Amma biz tövsiyə etmişik ki, 80 dəqiqəlik dərslər olsun. Bu da çölə çıxmaların və təmasların sayının az olması ilə əlaqədardır. Yəqin ki, belə davam eləsək, 80 dəqiqəlik dərslər olacaq”.

 

Qeyd edək ki, ali və orta ixtisas təhsili müəssisələrində sinif otaqlarından (auditoriyalardan) eyni vaxtda mövcud yerlərin 70 faizindən çox olmamaqla sanitariya və gigiyena qaydalarına riayət olunmaqla istifadə ediləcək.

 

Qərara əsasən, müəllimlərin (professor-müəllim heyətinin) eyni zamanda müəllim otağına (kafedraya) toplaşmasına müəyyən məhdudlaşma ilə icazə verilir.

 

İlahə Vəliyeva,

Samir Qaragözov,

APA TV

Müəllif | Apa.Tv
Apa.tv