Alışqan tapança ilə aptekə basqın edən şəxs tutuldu

 

Bakıda alışqan tapançanı silah qismində istifadə edərək aptekə basqın edən şəxs tutulub.

DİN mətbuat xidmətindən APA TV-yə verilən xəbərə görə, aprelin 21-də axşam saatlarında Zabrat qəsəbəsində yerləşən apteklərdən birinə daxil olan maskalı şəxs əlində tapançaya oxşar alətlə əczaçını hədələyərək 700 manat pulunu götürüb.

Bakı Şəhər Baş Polis İdarəsinin Cinayət-Axtarış İdarəsi, Sabunçu Rayon Polis İdarəsinin Cinayət Axtarış Şöbəsi və 15-ci Polis Bölməsi əməkdaşlarının keçirdiyi əməliyyat nəticəsində hadisəni törətməkdə şübhəli bilinən paytaxt sakini, əvvəllər məhkum olunmuş İlqar Paşayev saxlanılıb.

 

O, ifadəsində uzun müddətdir ki, narkotikdən asılı olduğunu və bu səbəbdən aptekə basqın etdiyini bildirib. Saxlanılan şəxs aptekdən əldə etdiyi pulla şəxsiyyəti hələ ki, istintaqa məlum olmayan mənbədən öz istifadəsi üçün narkotik vasitələr aldığını bildirib.

Faktla bağlı cinayət işi başlanılıb.

Müəllif | Apa.Tv
Apa.tv