Allahverdi Bağırovun qəbrini kim qoruyur? – “MƏZAR” FİLMİ TƏQDİM OLUNDU
“Məzarın dağıdılması bir insanın başdaşına deyil, dünyada insanlığa qarşı törədilən vandalizmdir”.
APA TV-nin xəbərinə görə, bunu “Məzar” filminin ssenari müəllifi və rejissoru Asəf Quliyev bu gün Aktyor Evində keçirilən “Məzar” filminin təqdimatı zamanı deyib.
Onun sözlərinə görə, ilk dəfə 2007-ci ildə Azərbaycanın Milli Qəhrəmanı Allahverdi Bağırovun məzarı haqqında sosial şəbəkələrdə məlumat yayıldıqdan sonra bu xəbərin doğru və ya yalan olması barədə araşdırma aparmaq fikri yaranıb. O da bu ideyanın arxasınca gedərək, məzarın kim tərəfindən qorunması və qulluq edilməsini ortaya çıxarıb.
Müəllif filmin çəkilməsində əsas məqsədin Azərbaycanın Milli Qəhrəmanı Allahverdi Bağırovun təkcə ölkəmizdə deyil, eyni zamanda dünyada tanıdılması istəyinin olduğunu deyib: “Təsəvvür edin ki, 1992-ci ildə, müharibənin ən qızğın dövründə Allahverdi Bağırov Cenevrə Konvensiyasının tələblərinə uyğun olaraq əsirlərin dəyişdirilməsi, döyüş meydanlarında qalan cəsədlərin çıxarılması üçün fəaliyyət göstərib. Halbuki həmin dövrdə onun Cenevrə Konvensiyasından xəbəri olmayıb. Amma əsirlərlə bağlı konvensiyanın prinsiplərinə uyğun davranıb. Bu, Azərbaycanın Milli Qəhrəmanının hansı keyfiyyətlərə malik olduğunu göstərir. Mən də çalışdım ki, bunu dünyaya olduğu kimi təqdim edim”.
“Məzar” filminin ictimaiyyətə təqdim edilməsində yaxından köməklik göstərən “Yeni Nəsil” Jurnalistlər Birliyinin sədri Arif Əliyev isə bildirib ki, ilk dəfə filmə baxarkən burda müəllifin ürək yanğısı və gərgin əməyinin olduğunu hiss edib. Mövzunun aktuallığını da nəzərə alaraq, filmin təqdimatını keçirmək təklifini irəli sürüb: “Bu filmin arxasında ilk növbədə 10 illik böyük bir zəhmət dayanır. İkincisi, filmə müəllif tərəfindən yanaşma tərzi fərlidir. Üçüncüsü isə bu cür jurnalist araşdırmaları həm bizim gəncliyimiz üçün, həm də yeni nəsil jurnalistlərimiz üçün bir dərslik və həyat nümunəsi olaraq vacibdir”.
Qeyd edək ki, 20 dəqiqədən ibarət olan film tamaşaçılara rus dilində təqdim edilib. Burada əsas məqsəd filmin təkcə Azərbaycan auditoriyasının deyil, eyni zamanda rusdilli dövlətlərin tamaşaçıları tərəfindən də baxılmasıdır.