Alma 2, qoz ləpəsi 15 manata – HƏFTƏSONU YARMARKALARI FƏALİYYƏTƏ BAŞLADI
Kənd Təsərrüfatı Nazirliyinin tabeliyində “Aqrar Tədarük və Təchizat” ASC tərəfindən “Kənddən - şəhərə” adlı həftəsonu yarmarkaları fəaliyyətə başlayıb.
APA TV-nin xəbərinə görə, yarmarkada 100-dən artıq fermer 50 dən çox məhsulu satışa çıxarıb. Karantin qaydalarının tələblərinə uyğun olaraq təşkil olunan yarmarkanın girişində vətəndaşların hərarəti ölçülür və əlləri dezinfeksiya edilir.
Həmçinin, girişdə qoyulan monitorda məhsullar və qiymətlər haqqında məlumatlar verilir. Ölkənin müxtəlif bölgələrindən öz məhsullarını satmaq üçün gələn fermerlərdən heç bir ödəniş tələb olunmur:
- Gətirib malımızı satırıq, bizdən heç bir ödəniş tələb olunmur. Bazar pulu yoxdur. Sağ olsunlar ki, bizə bu cür şərait yaradıblar. Bazarlara girəndə 50 manat giriş, yer pulu, gündəlik pul tələb edirlər.
- Kənd təsərrüfatı malları gətirmişəm. Hər qiymətə, qoz ləpəsi, qabıqlı qoz, quru meyvələr var. Gətirdiyimiz malı üç gün ərzində satıb gedirik.
- Çeşidlərinə görə qiymətlər dəyişir. Çiçək balıdır bu, 25 manata, cökə balı 30 manata, dağ çiçəyi balı 35 manatadır. Biz də çalışırıq ki, alıcının zövqünə uyğun bal verək və qiymətləri də münasib edək.
Yarmarkada satılan məhsulların qiyməti vətəndaşların da cibinə uyğundur. Məsələn bazarda 20 manata satılan qoz ləpəsi, burda 15 manata alıcıya təqdim olunur.
- Həm fərq var, həm də burda təmizlik filan yaxşıdır, səliqəlidir. Qiymətlər də münasibdir. İndi kəklikotu alıram. Marketdə bunun qiyməti 2 manatdan aşağı deyil, amma burada 1 manata verirlər.
- Mən elə belə gəldim bura, o qədər şey aldım ki, çox razıyam.
- Bura bazarlıq etməyə gəldim. Baxıram qiymətlər də yaxşıdır. Mən bu Quba almasını çox sevirəm.
“Aqrar Tədarük və Təchizat” ASC-nin mətbuat katibi Mais Musayev deyir ki, yarmarkalar həftə sonları 3 gün - cümə, şənbə və bazar günləri fəaliyyət göstərəcək: “Yarmarkaların keçirilməsində əsas məqsəd həm fermerlər üçün əlavə satış imkanı yaratmaq, həm də əhalinin tələbatına uyğun olaraq məhsul bolluğu ilə təmin etməkdir. 3 gün nəzərdə tutulub. Daha əvvəlki yarmarkalar yalnız şənbə və bazar günləri təşkil olunurdu. Karantin rejiminə görə, ictimai nəqliyyat işləmədiyindən və ictimai nəqliyyatdan istifadə edən vətəndaşlar da gələ bilsinlər deyə, cümə günü də yarmarkanın fəaliyyəti nəzərdə tutulub. Bəzi məhsullar 10, bəziləri isə 20 faiz aşağı qiymətə təklif olunur”.
Həftəsonu yarmarkaları 3 ərazidə - Nərimanov rayonu, Gənclik metro stansiyası yaxınlığında, Binəqədi rayonu Süleyman Sani Axundov 5 b küçəsində və Xırdalan şəhəri H. Əliyev pr. 41 a ünvanında təşkil olunub. Karantin rejimindəki dəyişiklik də nəzərə alınaraq mütəmadi davam etdiriləcək.