Almaniya səfiri: “Koronavirusa görə əməkdaşlarımıza yaxın təması tövsiyə etmirik”
“Koronavirusun özü bəlkə də o qədər qorxulu deyil, amma onun yaratdığı panika daha qorxuludur”.
Bunu APA TV-yə müsahibəsində Almaniyanın Azərbaycandakı səfiri Volfqanq Maniq deyib.
Onun sözlərinə görə, virusun yayıldığı gündən səfirlik olaraq bütün gigiyenik qaydalara əməl olunur:
“Çalışırıq ki, bütün qaydalara əməl edək. Səfirlikdə dezinfeksiyaedici məhlullar qoyulub. Səfirlik əməkdaşları bir-biri ilə görüşərkən əl təmasından istifadə etməməyə çalışır”.
Səfir onu da bildirib ki, Azərbaycanda yaşayan Almaniya vətəndaşları ilə mütəmadi əlaqə saxlanılır. Onlara səhhətlərində hər hansı narahatlıq hiss etdikləri halda, səfirliyin qaynar xəttinə müraciət etmələri tövsiyə edilir. Əgər xəstəliyin simptomları aşkarlanarsa, onlara lazımi yardım göstəriləcək.
Volfqanq Maniq əlavə edib ki, Almaniya vətəndaşlarının ölkədə keçirilən kütləvi tədbirlərə və ictimai yerlərə getməsinə hər hansı məhdudiyyət qoyulmayıb. Hazırda səfirlik əvvəlki qayda ilə fəaliyyət göstərir. Vətəndaşların qəbulu və viza məsələləri öz qaydasında həyata keçirilir.