​​​​​​​Almaniya və Türkiyənin tibb alimləri Astarada

Heydər Əliyev Fondunun dəstəyi ilə Astara rayonunda Ulu Öndər Heydər Əliyevin anadan olmasının 100 illiyinə həsr edilmiş Beynəlxalq səviyyəli VI Azərbaycan-Alman-Türk Tibb Konqresi və VIII Bakı Beynəlxalq Tibbi Treyninq Günləri öz işinə başlayıb.

Konqres iştirakçıları ilk olaraq Ümummilli lider Heydər Əliyevin Astarada ucaldılmış abidəsini ziyarət ediblər. Daha sonra Azərabaycan Respublikasının Dövlət Himni səsləndirilib və Ulu öndərə həsr edilmiş sənədli film izlənilib.

Açılış nitqində Astara rayon İcra Hakimiuyətinin başçısı Qəzənfər Ağayev beynəlxalq konfransın Astarada keçirilməsinin mahiyyət və önəmindən bəhs edib. İcra başçısı Ulu Öndər Heydər Əliyev tərəfindən bölgələrdə səhiyyə sahəsinin inkişafı istiqamətində əvəzsiz işlər görüldüyünü bildirib.

Sonra Milli Məclisin Səhiyyə Komitəsinin sədr müavini, Dövlət Gömrük Komitəsi Tibbi Xidmət İdarəsinin Elmi Təcrübi Tədris Mərkəzinin rəisi Rəşad Mahmudov müasir Azərbaycanın qurucusu Heydər Əliyevin  dövlətçiliyimizin yaranmasındakı xidmətlərindən danışıb.

TƏBİB-in İcraçı direktorun müavini Anar İsrafilov konfransın keçirilməsinin böyük tarixi əhəmiyyət daşıdığını bildirib. O, Ulu Öndər Heydər Əliyevin ölkə səhiyyə sferasını əhatə edən köklü islahatların həyata keçirilməsində rolu və müstəsna xidmətlərinin tibb işçiləri tərəfindən böyük minnətdarlıqla anıldığını qeyd edib.

Azərbaycan Respublikası səhiyyə naziri Teymur Musayev və Özbəkistan Respublikasının səhiyyə naziri İnoyatov Amrillo Shodievichin konfrans iştirakçılarına video müraciətləri ünvanlanıb.
Daha sonra Azərbaycan Minimal İnvaziv Cərrahlar Cəmiyyətinin sədri Qurbanxan Müslümov Özbəkistan səhiyyəsinin inkişafında göstərdiyi xidmətlərə görə Özbəkistan Respublikasının Səhiyyə Nazirliyi tərəfindən medalla təltif edilib. Heydər Əliyev Fondu üçün xüsusi təsis edilmiş Ulu Öndər Heydər Əliyevin 100 illiyinə həsr edilən xatirə hədiyyəsi Özbəkistan Respublikasının səhiyyə nazirinin müavini Abrorcon Alicanov tərəfindən Rəşad Mahmudova təqdim edilib.

Tədbirdə çıxış edən deputatlar İlham Məmmədov, Müşfiq Məmmədli, Azərbaycan Minimal İnvaziv Cərrahlar Cəmiyyətinin sədri Qurbanxan Müslümov, Əziz Əliyev adına Həkimləri Təkmilləşdirmə İnstitutunun direktoru Nazim Qasımov, AMEA-nın müxbir üzvü Südeyf İmamverdiyev, Prof. Stefan Post Konqresin mahiyyətindən və iştirakçıların əldə edəcəyi zəngin təcrübədən bəhs ediblər. Tədbir plenar iclaslar və mədəni proqram ilə davam etdirilib.

Qeyd edək ki, 22 aprel 2023 tarixində öz işinə başlayan konqres işini 23 aprel 2023-cü il tarixində Cənub regionu, Astara, Lerik və Masallı Rayon Mərkəzi Xəstəxanalarında treyninq və ustad dərsləri ilə davam etdirəcək. Treyninq və ustad dərsləri çərçivəsində 12 ixtisas üzrə təlimlər keçiriləcək və regionda ilk dəfə icra olunacaq endoskopik əməliyyat plenar iclas zalına birbaşa translyasiya olunacaq və interaktiv müzakirə ediləcək. Tədbir 24-25 aprel tarixləridə Bakı şəhərində davam edəcək.

İlkin Rzayev

Rövşən Almazoğlu

APA TV Astara

Müəllif | Apa.Tv
Apa.tv