Alqı-satqı saytlarından bu əşyaları alsanız, ölkəyə buraxılmayacaq

2019-cu ilin sonlarınadək əksəriyyətimizin nadir hallarda daxil olduğu onlayn alış-veriş saytları pandemiyanın gəlişi ilə gündəlik həyatımızın bir parçasına çevrildi. İndi yeyinti məhsullarından geyimlərə, oyuncaqlardan dəftər-kitaba qədər az qalsın, hər şeyi dünyanın o biri başından sifarişlə qapımıza gətirə bilirik.

Ancaq adi əşya saydığımız, əksər ölkələrdə sifarişi normal olan, bizdə isə ölkəyə gətirilməsi qadağan edilən məhsullar da var. Bəzən vətəndaşlar belə məhsullardan sifariş edir, ölkəyə girişinə qadağa qoyulduğu üçün problemlə qarşılaşır.

Bəs bu məhsullar nələrdir? Nələri sifariş versək, ölkəyə buraxmayacaqlar?

 

“Limak” poçtdaşıma şirkətinin müştəri xidmətləri şöbəsinin rəhbəri Sona Hacıyeva söylədi ki, bəzi məhsullarla bağlı qadağalar sifariş verilən ölkəyə görə dəyişir: “Bizim kimi sürətli poçtdaşıma şirkətləri tərəfindən daşınması qadağan olunan məhsullar da var ki, müştərilərimiz bunları sifariş edir. Lakin həm qarşı tərəfdə, həm də bizim ölkəyə daxil olduğu zaman problemlər yaranır. Həmin məhsullar sifariş verilən ölkəyə görə dəyişir. Məsələn, Türkiyədən tez alışa bilən mayelər, dəmir qutularda olan spreylər, litium-ion batareyaları, maşın yağları və bu kimi Türkiyə gömrüyündə yoxlanışdan keçdiyi zaman problem yarada bilir”.

 

Sona Hacıyevanın sözlərinə görə, Türkiyə və Çinlə yanaşı, ən çox məhsul sifariş verilən ölkələrdən biri də Amerika Birləşmiş Ştatlarıdır. Buradan sifariş verdiyiniz spreylər, kosmetik vasitələr, parfüm və digər spirt tərkibli kosmetik məhsullara böyük ehtimal ki, əliniz heç vaxt çatmayacaq. Çünki ABŞ qanunvericiliyinə uyğun olaraq sözügedən məhsulların sürətli poçtdaşıma ilə ölkədən kənara çıxarılması qadağandır.

 

Bəzi məhsullar var ki, onlarla bağlı qoyulan qadağaların səbəbi sifaşçilər tərəfindən başa düşülmür. Məsələn, hovard skuterlər, tozsoranlar, heyvanlar, amortizatorlar, gizli kameralar, dini və siyasi kitablar bu qəbildəndir. Bənzər qadağaların səbəblərinə gəlincə, burada həm mənəvi, həm ideoloji, həm də iqtisadi faktorlar var. Məsələn, dini və siyasi kitablarla bağlı qadağanın səbəbi insanların mənəviyyatının, həmçinin dövlət suverenliyinin qorunmasıdırsa, tozsoran və bənzər məhsulları gətirə bilməməyimizin səbəbi daxili bazara dəstək siyasətidir. Gizli kameraları da yəqin özünüz başa düşdünüz.

 

Ancaq qadağaların lokal yox, qlobal müstəvidə tətbiq edildiyi əşyalar da var. Belə ki, su, hava, yaxud quru yolu ilə daşınmasından asılı olmayaraq, bu şeyləri ölkəyə nə gətirmək, nə də çıxarmağa heç bir icazə yoxdur. DGK Əməliyyat İstintaq Baş İdarəsinin Rəis Müavini Fikrət Əsgərlinin sözlərinə görə, bu siyahıya başqa məhsullar da daxildir:  “Qanunvericilik və beynəlxalq müqavilələrə uyğun olaraq, saxta kağız və metal pulların gömrük ərazisinə idxalı və ya bu ərazidən ixracı, qanunvericiliklə qadağan edilmiş narkotik vasitələrin, psixotrop maddələrin və onların prikursorlarının, pornoqrafiq materialların və digər əşyaların gömrük ərazisinə gətirilməsi və ya bu ərazidən aparılması müvafiq icra hakimiyyəti orqanları tərəfindən qadağan olunmuş digər malların gömrük ərazisinə gətirilməsi və ya bu ərazidən aparılması qadağandır”.

 

Bu kateqoriyaya həmçinin döyüş təyinatlı hərbi texnika, hərbi səfərbərlik təyinatlı əmlak, dövlət, peşə, qulluq, bank, istintaq və məhkəmə tədbirləri, şəxslərin şəxsi və ailə həyatına dair məlumatları əks etdirən sənədlər və s. də daxildir.

 

Təbii, ölkəyə gətirilməsi və ya xaricə aparılması üçün xüsusi icazə tələb olunan mallar da var ki, həmin məhsulların daşınmasına məhdudiyyətlər qoyulur. Rəis müavini həmin malların bəzilərini sadalayıb: “Azərbaycan respublikasının gömrük məcəlləsinin 215-ci maddəsinə əsasən, beynəlxalq müqavilələrlə müəyyən edilmiş öhdəliklərin yerinə yetirilməsi, dövlətin iqtisadi maraqlarının müdafiəsi, daxili bazarın qorunması, həmçinin rezidentlərin mənafelərinə zərər vuran dövlətlərin və onların ittifaqlarının, ayrı-seçkilik və digər iqtisadi-siyasət tədbirlərinə qarşı cavab kimi qanunvericilik və beynəlxalq müqavilələrə uyğun surətdə malların gömrük ərazisinə gətirilməsinə və ya bu ərazilərdən aparılmasına Azərbaycan Respublikasının Nazirlər Kabineti tərəfindən məhdudiyyətlər müəyyən edilə bilər”.

 

Yeri gəlmişkən, 23 dekabr 2003-cü il tarixli 565 nömrəli Azərbaycan Respublikasınının qanununda nəzərdə tutulan xidməti və mülki silah, məsafədən idarə edilən pilotsuz uçuş aparatları (PUA) və s. kimi əşyaların normal şərtlərlə gömrük sərhəddindən keçirilməsi qadağandır. Bunun üçün xüsusi icazə almaq isə məcburidir.

 

 

Müəllif | Apa.Tv
Apa.tv