Altı məcburi köçkün ailəsi dörd aydır işıq problemi ilə üzləşib - ARAŞDIRMA

Bakı şəhəri, Suraxanı rayonu, Yeni Günəşli qəsəbəsi V massivində yerləşən 8 saylı Uşaq-Gənclər İnkişaf Mərkəzinin binasında düz 30 ildir Zəngilan və Ağdamdan olan məcburi köçkünlər məskunlaşıb. 6 məcburi köçkün ailəsinin illərdir məskunlaşdığı binada artıq dörd aydır gün ərzində işıq fasilələrlə ya verilir, ya da ümumiyyətlə, verilmir. Səbəb isə məcburi köçkünlərin işıq pulunu vaxtında ödəməməsi ilə əlaqələndirilir.

 

Zəngilandan məcburi köçkün olan Əhəd Hüseynov deyir ki, 2017-ci ilə kimi burada məskunlaşan məcburi köçkünlərin kommunal xərclərini Dövlət Komitəsi ödəyib: “2017-ci ildən isə bizə verilən çörək pulu müavinətini artırdılar. Əvvəl 36 manat idi, sonradan oldu 60 manat. Bununla bağlı bizə heç kim xəbərdarlıq etmədi ki, gedin işıq pulunuzu ödəyin. İndi də gəlib işığı kəsirlər, deyirlər ki, işıq pulunu ödəməlisiniz. Qızım, məndə olan işıq pulu borcu 2015 manatdır, qonşularımda isə 5000-6000 manat arası dəyişir. Hara müraciət etmişik, əlacı yoxdur. Dəqiqəbaşı işıq sönür, 88 mənim yaşımdır, 78 yaş həyat yoldaşımın. Evimdə birinci qrup əlil olan xəstəm də var”.

 

88 yaşlı Əhəd dayının problemini dinlədikdən sonra digər qonşuları da dinlədik. Rakif Ələkbərov deyir ki, məskunlaşdıqları binada ümumiyyətlə mavi yanacaq olmayıb: “Ancaq işıqdan istifadə etmişik. İndi bir neçə aydır gətiriblər işıq pulu qəbzini veriblər ki, 5-6 min manat arası hər ailəyə borcunuz var. Prezidentin fərmanı var, harda qazlaşma yoxdursa, onlar işıq pulundan azaddır. Bizə verilən çörək pulu üzərində kommunal xərcləri ödəmək üçün əlavə məbləğ ödənir. Biz indi həm tələb, həm də xahiş edirik ki, artırılan əlavə xərclər Komitə tərəfindən götürülsün və kommunal xərclər ödənilsin. Təbiidir ki, bu bina mavi yanacaqla təmin olunmayacaq, ancaq işıqdan istifadə etdiyimizə görə də bu qədər borc yığılıb”.

 

Ağdamdan məcburi köçkün olan Novruz Əliyevin sözlərinə görə, 2017-ci ildən 2021-ci ilin aprel ayına kimi onlara heç bir dövlət qurumu kommunal xərclərin ödənilməsi ilə bağlı xəbərdarlıq etməyib: “Məcburi köçkün kimi 36 manat çörək pulu adı altında müavinət alırdıq. 2017-ci ilə qədər bir bu qayda ilə pulu almışıq. 2017-ci ilin noyabr ayından Qaçqınların və Məcburi Köçkünlərin İşləri Üzrə Dövlət Komitəsi tərəfindən məbləğ artırıldı. 60 manata çatdırıldı həmin məbləğ. 2017-ci ildən 2021-ci ilin aprel ayına kimi bizə heç bir dövlət qurumu kommunal xərclərin ödənilməsi ilə bağlı xəbərdarlıq etməyib ki, xərcləri ödəyin. Çox təəssüflər ki, bizə belə bir söz deyən olmayıb. Borc yığıldıqdan sonra bizə bildirdilər ki, 3434 manat “Azərişığ”a borcunuz var. İnanın, bu məbləği heç bir imkanlı şəxs də ödəyə bilməz”.

 

Problemin həlli ilə bağlı 6 məcburi köçkün ailəsi düz dörd aydır aidiyyəti qurumlara dəfələrlə müraciət edib. Düz dörd aydır binaya işıq ancaq fasilələrlə verilir.

 

Məcburi köçkünlərin üzləşdikləri problemi Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsinin diqqətinə çatdırdıq. Sorğumuza cavab olaraq bildirildi ki, Bakı şəhəri, Suraxanı rayonu, Yeni Günəşli qəsəbəsi V massivində yerləşən 8 saylı Uşaq-Gənclər İnkişaf Mərkəzinin binasında 7 məcburi köçkün ailəsi müvəqqəti məskunlaşıb. Həmin ailələrin elektrik enerjisindən istifadəsini ölçmək məqsədilə fərdi qaydada sayğaclar quraşdırılıb. Qeyd olunmalıdır ki, həmin şəxslər 60 manat məbləğində vahid aylıq müavinət alır və istifadə etdikləri bütün kommunal xərclərini həmin vəsaitdən ödəməlidirlər.

 

Azərbaycan Prezidentinin 23 yanvar 2017-ci il 1206 nömrəli “Məcburi köçkünlər və onlara bərabər tutulan şəxslər üçün vahid aylıq müavinətin müəyyən edilməsi haqqında” fərmanına əsasən, məcburi köçkünlər və onlara bərabər tutulan şəxslər üçün yemək xərci müavinəti, habelə kommunal və digər xidmətlər üzrə 60 manat məbləğində vahid aylıq müavinət müəyyən edilib.

 

Sevinc Vaqifqızı,

Musa Qulamirzəyev,

APA TV

Müəllif | Apa.Tv
Apa.tv