“Aman ayrılıq...” – Yaqub Zurufçu son mənzilə yola salındı

 

Görkəmli sənətkar dünən 65 yaşında Covid-19 xəstəliyindən vəfat edib. Sənətkar bu gün “Qurd qapısı” qəbiristanlığında torpağa tapşırılıb.

 

Yaqub Zurufçu 1956-cı ildə aprelin 8-də Təbriz şəhərində anadan olub. Hələ 15 yaşında olarkən Təbrizin Milli Televiziyasının efirində oxuduğu "Evləri Var Xana-Xana", "De gülüm gəlsin ay nənə", "Dilbər" mahnıları onu qısa zamanda məşhurlaşdırır. 1989-cu illərin əvvəllərində Gülağa Məmmədov Almaniyada olarkən Yaqub Zurufçunun ayrılıq mahnısına çəkmiş olduğu klipi görür və onu Azərbaycana dəvət edir. Və həmin il ilk dəfə Azərbaycana gəlir.

 

1989-cu ildə Meydan Hərəkatındakı çıxışları onu təkcə musiqiçi kimi yox, həm də azadlıq carçısı kimi sevdirib.

 

Bütün həyatı boyu qəlbində Azərbaycan musiqi sevdası ilə yaşayan Yaqub Zurufçunun dillər əzbəri olan "Ayrılıq" mahnısının hər bir vətəndaşımızın qəlbində xüsusi yeri var.

 

Azərbaycana olan sevgisini onun bütün yaradıcılığında görmək mümkündür.

 

Əməkdar artistin həyat yoldaşı Aynur Zurufçu da deyir ki, Yaqub Zurufçunun bütün varlığı ilə Azərbaycana bağlı olub: “Neçə gündür ki, istər dövlət, istərsə də xalqdan dəstək görürəm. Təəssüf ki, pandemiya onu istədiyimiz kimi dəfn olunmağa imkan vermədi. Nə qədər Azərbaycan var, Yaqub bəy də olacaq”.

 

Qeyd edək ki, Yaqub Zurufçu 2009-cu ildə "Azərbaycan Respublikasının Əməkdar Artisti" adına layiq görülüb.

 

 

Müəllif | Apa.Tv
Apa.tv