ANAMA: Bakı-Tbilisi-Ceyhan neft kəmərinə atılan raket "Smerç" tiplidir
Ötən gecə Ermənistan silahlı qüvvələri regionun ən böyük strateji layihəsi, Avropanın enerji təhlükəsizliyi sahəsində mühüm yer tutan Bakı-Tblisi-Ceyhan neft kəmərini hədəf alıb.
APA TV-nin yerli bürosunun xəbərinə görə, Düşmən kəmərin Yevlax rayon ərazisindən keçən hissəsinə raket zərbələri endirib.
Azərbaycan Ordusunun gördüyü tədbirlər nəticəsində həmin terror cəhdinin qarşısı alınıb. Dərhal hadisə yerinə Ərazilərin Minalardan Təmizlənməsi üzrə Milli Agentliyinin (ANAMA) əməkdaşları cəlb olunub. Düşmənin atdığı raketin "Smerç" tipli olduğu müəyyən edilib.
Hazırda Ərazilərin Minalardan Təmizlənməsi üzrə Milli Agentliyinin əməkdaşları tərəfindən ətrafda əməliyyat-axtarış tədbirləri davam edir.
Baş Prokurorluğun mətbuat xidmətindən verilən məlumata görə, Ermənistan Silahlı Qüvvələri hərbi əməliyyatlar aparılan ərazidən ən azı 50 kilometrdən artıq məsafədə yerləşən Yevlax rayonunun Aran qəsəbəsi istiqamətində beynəlxalq hüquqla qadağan edilmiş “Smerç” nəslindən olub böyük dağıdıcı qüvvəyə malik, içərisində 300 ədəd bombacıqları olan reaktiv yaylım atəşli raketdən atəş açıb.
Azərbaycan silahlı qüvvələri tərəfindən havada zərərsizləşdirilən raketin içərisində olan bombacıqlardan bir hissəsi diametri 42 düym olan Cənub Qafqaz Genişlənmiş Boru kəmərinin boru xəttinin üzərinə, bir hissəsi həmin ərazidən keçməklə xam nefti Qara dəniz sahilinə nəql edən Qərb İxrac Boru kəmərindən 120 metr məsafəyə, digər hissələri isə həmin qəsəbədən keçən Bakı-Tbilisi-Ceyhan Neft kəmərindən 100 metr məsafəyə səpələnib.
Faktla bağlı Azərbaycan Respublikasının Baş Prokuroru tərəfindən cinayət işi başlanılıb və istintaqın aparılması Baş Prokurorluğun İstintaq idarəsinə həvalə edilib. Hazırda prokurorluq əməkdaşları tərəfindən hadisə yerində zəruri istintaq tədbirləri və prosessual hərəkətlər həyata keçirilir.
Fuad Nazimoğlu
Mehdi Məmmədov
APA TV