ANAMA işğaldan azad olunmuş ərazilərdə aşkarlanan təhlükəli sursatların sərgisini təşkil edib

"44 günlük Vətən Müharibəsi zamanı yerli sakinlər tərəfindən daxil olmuş çağırışlar əsasında, həmçinin işğaldan azad olunmuş ərazilərdə humanitar dəhlizlərin yaradılması məqsədilə minatəmizləmə əməliyyatlarına start verilib".

 

APA-TV-nin məlumatına görə, bunu ANAMA-da işğaldan azad olunmuş ərazilərdən aşkarlanmış mina və digər partlamamış hərbi sursatların nümayişi zamanı qurumun Təmizləmə və tədqiqat şöbəsinin rəisi İdris İsmayılov deyib.

 

O bildirib ki, bu zaman yerli sakin tərəfindən daxil olan 3000-ə yaxın çağırış nəticəsində 1000-dən yuxarı partlamamış hərbi sursat aşkar edilib: "10 noyabrdan sonra işğaldan azad olunmuş ərazilərdə humanitar minatəmizləmə əməliyyatlarına start verilib. Hazırda Füzuli, Cəbrayıl, Zəngilan, Qubadlı, Ağdam, Tərtər, Xocavənd rayonlarında, o cümlədən Şuşa şəhərində evlərin və həyətyanı ərazilərin təmizlənməsi həyata keçirilir. Bu günə kimi aparılan əməliyyat tədbirləri zaman 2051 hektar ərazi mina və PHS-dən tam təmizlənib. Əməliyyatlar zamanı 18 648 mina və partlamamış hərbi sursat tapılıb və zərərsizləşdirilib”.

 

Qurum rəsmisi qeyd edib ki, bu günədək 16 layihə üzrə minatəmizləmə əməliyyatları tamamlanıb: "10 km uzunluğunda Suqovuşan avtomobil yolu, həmçinin elektrik xətləri üzrə Füzulidən Hadrut istiqamətində 37 kilovoltluq elektrik xətti, Fuzuli-Şusa 110 kilovoltluq elektrik xəttinin keçdiyi ərazilər tam olaraq təmizlənib. Hazırda 19 layihə üzrə əməliyyatlar davam etdirilir. Bura dəmiryolu və avtomobil yolları üzrə layihələr daxildir. Bərdə-Agdam dəmiryolu xətti, Füzuli-Zəngilan xətlərinin təmizlənməsi həyata keçirilir. O cümlədən Füzuli-Şusa avtomobil yolunun təmizlənməsi davam etdirilir. 2-3 gün ərzində Zəfər yolu tam olaraq təmizlənərək təhvil veriləcək".

 

İdris İsmayılovun sözlərinə görə, digər istiqamətlərdə də tədbirlər davam etdirilir.

 

Həmidağa Məcidov,

Xəqani Hüseynov,

APA TV

Müəllif | Apa.Tv
Həmidağa Məcidov