ANAMA-NIN MİNAAXTARANLAR ÜÇÜN KURSLARI DAVAM EDİR - VİDEO
“Hazırda mina tapmışıq “TM2” piyada əleyhinə minadır, təzyiqlə işə düşür. Mina aşkar elədikdən sonra bölmə rəhbərimizə göstəririk”.
Nurlan Muradlı Beyləqan rayonundandır. O, 44 günlük Vətən Müharibəsində könüllü olaraq cəbhəyə yollanıb. Cəbhənin Füzuli, Cəbrayıl, Xocavənd və Şuşa istiqamətində gedən döyüşlərdə iştirak edib. Bu gün isə ANAMA-nın təşkil etdiyi minaaxtaran kurslarına qatılıb. Onun kimi oğullarımız çoxdur. Onlar döyüşüb torpaqları işğaldan azad ediblər, indi isə azad olunmuş ərazilərimizi mənfur düşmənin əkdiyi gizli təhlükədən təmizləməyə can atırlar. Bunun üçün ANAMA mütəmadi olaraq kurslar təşkil edir. Elə Nurlan Muradlıda 3 həftəyə yaxındır ki, həmin kursda iştirak edir: “ANAMA-ya qoşulmağımın səbəbi odur ki döyüşdə çirklənmiş ərazilərimizi təmizləməkdir. Bu işə marağım olduğu üçün gəlmişəm. Burda minaların növlərini öyrəndik. Sursatların növlərini öyərəndik. Mina və sursatlardan imtahan vermişik”.
Samir Qəhramanov isə Füzuli rayonunda şəhid ailəsində böyüyüb. O da, 44 günlük Vətən Müharibəsində könüllü olaraq döyüşüb: “Düşmənin bizim mövqelərimizdə qoyduqları minalara qarşı mübarizə aparırıq. ANAMA kurslarında iştirak edirik. Ən çox minaaxtarma sahəsində öyrəndik. Minanın axtarılmasını öyrəndik. Təlimlər bitəndən sonra işğaldan azad olunan ərazilər gedib burada öyrəndiklərimizi tətbiq edəcəyik”.
Sahədə hər hansı ehtiyatsızlıq təkcə bir nəfərin yox, digər minaaxtaranların da həyatı üçün təhlükə yaradır. Minaaxtaran olmaq istəyənlər sinif otaqlarında nəzəri biliklərə yiyələndikdən sonra Göygöl Regional Mərkəzinin təlim sahəsində öyrəndiklərini təcrübədən keçirirlər.
ANAMA tərəfindən keçirilən təlimlərin əsas məqsədi ondan ibarətdir ki, burda mütəxəssislər yetişdirilir. Həmin mütəxəssislər işğaldan azad olunan ərazilərdə mina axtarılmasına cəlb olunacaq.
Hazırda təlimə qatılan 44 nəfər 120 nəfər arasından seçilib. Təlimlər 5 həftəlikdir. Sonda imtahan olacaq və bundan sonra ANAMA onları 3 ay sınaq müddətinə işə götürəcək. Bu müddətdə özünü tam doğruldan şəxslər ANAMA-nın tamhüquqlu üzvlərinə çevrilirlər.
Yaşı 40-a qədər olan və əsgəri xidmətini başa vuran, eləcə də, sağlamlıq imkanları şərtlərə uyğun olan vətəndaşlar kurslarda iştirak edə bilərlər. 5 həftəlik kursda müdavimlərə sinif otağında nəzəri biliklər öyrədilir.
Hazırkı kursda ölkənin 15 bölgəsindən olan gənclər iştirak edir. Onlara Humanitar mina təmizləmə və döyüş sahələrinin təmizlənməsi istiqamətində təlimlər keçirirlər. Təlimdə müdavimlərə minaların aşkarlanması ilə yanaşı, partlamamış hərbi sursatların da aşkarlanması öyrədilir.
Təlim kursuna qatılmaq üçün çoxlu sayda xanımların da müraciət etdiyini öyrəndik. Onların qeydiyyatları aparılıb və ANAMA-nın növbəti il üçün planında xanımların da təlimlərə cəlb olunması üçün şərait yaradılacaq.
ANAMA əməkdaşları hər zaman yeni bir tapıntı olduqda onun araşdırılmasını, sənədləşdirilməsini və həm sahədə işləyən heyətə, həmdə ki, təlimdə iştirak edən müdavimlərə çatdırılmasını həyata keçirir. Belə olduğu halda kursu bitirənlər sahədə işləyərkən qarşılarına çıxan bütün növ mina və sursatları səlis aşkar edə bilirlər. Qeyd edək ki, kurslar ANAMA-nın Göygöl Regional Mərkəzində dekabrın 24 qədər davam edəcək