ANAMA: Sentyabrın 27-dən oktyabrın 8-dək Ermənistanın atdığı mərmilərlə bağlı 402 çağırış olub

“Ermənistan ordusunun ardıcıl təxribatları, eləcə də mülki əraziləri atəşə tutması nəticəsində Azərbaycan Silahlı Qüvvələri tərəfindən uğurlu əməliyyatlar aparılmaqdadır”.

 

APA TV-nin məlumatına görə, bunu brifinqdə ANAMA-nın əməliyyatlar üzrə meneceri Elnur Qasımov deyib.

 

O bildirib ki, 27 sentyabrdan 8 oktyabra qədər Daxili İşlər Nazirliyinin 102 və Fövqəladə Hallar Nazirliyinin 112 xidməti zəng mərkəzlərindən agentliyə 402 çağırış olub: “Nəticədə 366 əməliyyat çıxış olub. Bu çıxışlar hər dəqiqə dəyişir, çünki agentliyin qrupları kiçik bölmələr şəklində yaşayış məntəqələrində, şəhərlərdə və digər məntəqələrdə çağırışlara cavab olaraq dərhal həmin ərazilərə gedir və əhali ilə görüşür, onları təhlükəyə məruz qoya biləcək obyektlərin götürülməsi, çeşidlənməsi və zərərsizləşdirilməsi işləri həyata keçirilir. Bəzən qruplarımız humanitar fəaliyyətin tərkib hissəsi olsalar da, atəş altında fəaliyyət göstərirlər”.

 

Elnur Qasımov deyib ki, təcili və təxirəsalınmaz axtarış və zərərsizləşdirilmə əməliyyatları Ağdam, Ağdaş, Ağcabədi, Bərdə, Beyləqan, Biləsuvar, Cəbrayıl, Goranboy, Naftalan, Füzuli, Tərtər, Şəmkir, Hacıqabul, Zərdab və Yevlax rayonları, eləcə də Mingəçevir şəhərlərində icra olunmaqdadır: “Düşmən müxtəlif növ sursatlardan istifadə edir. Burdakı məlumatlar yalnız mülki ərazilərə aiddir. Aparılan humanitar fəaliyyətlər nəticəsində 1 ədəd aviabomba OFAB-100, Smerç qurğusundan atılan 23 ədəd 300 mm-lik 9M 528 raketi, 1 ədəd 9M528 raketinin mühərrik  və  döyüş başlığı hissələri, 1 ədəd 300 mm-lik 9M 55 K kaset döyüş başlığından ibarət raketin döyüş başlığı, 35 ədəd top mərmisi, 12 ədəd tank əleyhinə reaktiv raketlər, 1 ədəd raketin təzyiq akkumulyatoru, 1 ədəd tank əleyhinə idarəolunan raket tapılıb. Bu günədək tərkibində partlayıcı maddə olan 707 ədəd sursat aşkar olunub. Bu rəqəm qısa müddətdən bir dəyişir”.

 

Elnur Qasımovun sözlərinə görə, agentlik tərəfindən həftənin 7 günü günün 24 saatı fəaliyyət icra olunur.

Müəllif | Apa.Tv
Apa.tv